“Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək”. Prezident İlham Əliyev noyabrın 21-i Sumqayıtda, şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə belə deyib.
Sumqayıta şəhər statusunun 1949-cu il noyabrın 22-də verildiyini vurğulayan dövlət başçısı qeyd edib ki, o, sənaye şəhəri kimi formalaşıb, kimyaçılar şəhəri kimi inkişaf edib: “Bir çox sənaye müəssisəsi, yeni iş yerləri yaradıldı. Azərbaycanın müxtəlif bölgələrindən Sumqayıta kadrlar gəlməyə başladı. Eyni zamanda Sovet İttifaqının digər respublikalarından gələnlər Sumqayıtda işlə təmin olundular.
Ancaq əfsus ki, şəhərin yaranmasının birinci mərhələsini əhatə edən dövr ərzində Sumqayıtda ekoloji tarazlığa fikir verilməyib, ekoloji tarazlıq pozulub. Sumqayıt o illərdə Sovet İttifaqında ekoloji cəhətdən ən qeyri-təmiz şəhər kimi fəaliyyət göstərirdi. Əlbəttə, bu, insanların sağlamlığına zərər vururdu”.
İlham Əliyev hazırda Sumqayıtın ekoloji cəhətdən təmiz şəhər olduğunu qeyd edib, şəhərin problemlərinin həlli istiqamətində böyük işlər görüldüyünü deyib: “İlk növbədə infrastruktur müasirləşdirilməli idi. Bu məqsədlə hələ 2005-ci ildə 525 meqavat gücündə elektrik stansiyası istifadəyə verildi, böyük vəsait xərcləndi. Qazlaşdırmanın səviyyəsi 100 faizə çatıb. İçməli su problemi həllini tapıb. Şəhərdaxili yollar yenidən tikilir, abadlaşdırılır, təmir olunur. Bakı-Sumqayıt yolu tikildi. İndi göstəriş vermişəm ki, yol genişləndirilsin. Çünki artan nəqliyyat sıxlıq, tıxac yaradır. Bakı-Sumqayıt qatarı artıq fəaliyyət göstərir. Özü də dünyanın ən qabaqcıl şirkətinin istehsalı olan ikimərtəbəli, çox rahat “Stadler” vaqonlarıdır. Verilmiş kredit hesabına şəhər nəqliyyatı üçün müasir avtobuslar gətirildi. Bütün bu işlər planlı şəkildə həyata keçirilir.
Şəhərin kommunal təsərrüfatı yenilənir. Lift təsərrüfatının təqribən 80 faizi yenilənib. Sumqayıtda 1300-dən çox çoxmərtəbəli binanın təxminən mininin dam örtüyü vurulub və qalan binaların da dam örtükləri vurulacaq.
“ASAN xidmət” mərkəzi yaradılıb. İndi göstəriş vermişəm ki, ikinci “ASAN xidmət” yaradılsın. Çünki tələbat artır və bəzən növbələr yaranır. Biz buna imkan verə bilmərik.
Sosial infrastruktur yenilənir. Məcburi köçkünlər üçün yeni şəhərciklər, evlər tikilir. Bu il 1800 ailə artıq yerləşib. Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək. Köçkünlər üçün Sumqayıtda evlərin tikintisi bundan sonra da təmin ediləcək.
Məktəb tikintisi gedir. 1 saylı xəstəxana mənim göstərişimlə artıq 5-6 ildir təmirdən çıxıb. İndi 2 saylı xəstəxananın təmiri və əslində yenidən tikilməsi üçün vəsait ayrıldı.
Sumqayıt, əlbəttə, sənaye şəhəri kimi inkişaf edir. Ancaq bugünkü sənaye bugünkü çağırışlara cavab verir. Köhnədən qalan sənaye müəssisələrinin demək olar ki, hamısı artıq fəaliyyətini dayandırıb. O ərazilərdə sənaye parkları yaradılıb – Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı. Sumqayıt Texnologiyalar Parkında 10, Sumqayıt Kimya Sənaye Parkında 13 zavod fəaliyyət göstərir və əlavə 7 zavod yəqin ki, gələn il fəaliyyətə başlayacaq. Sumqayıt Kimya Sənaye Parkında 20 rezident var. Qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir. Onların arasında dövlət xətti ilə tikilmiş “SOCAR Polimer”, karbamid zavodları, digər zavodlar var. Özəl sektor da çox böyük maraq göstərir. Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Şəhərin müəssisələrində ildə təqribən 2 milyard manatlığa yaxın məhsul istehsal olunur. Sumqayıt bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf edəcək.
Parklar abadlaşır, yeni parklar, bağlar salınır. Əlbəttə, onların arasında Sumqayıt bulvarını xüsusilə qeyd etmək istərdim. Mən bu bulvarın açılışı ilə əlaqədar keçirilmiş tədbirdə demişəm və bir daha demək istəyirəm ki, bu, möcüzədir, cəmi 11 ay ərzində 5,2 kilometr uzunluğunda və 150 hektarı əhatə edən gözəl bulvar salınıb. Çox şadam ki, bu gün Sumqayıt bulvarı vətəndaşlar üçün yeni, gözəl bir istirahət zonasıdır. Orada ictimai obyektlər var, indi orada Muğam Mərkəzi yaradılıb, digər ictimai obyektlər şəhərə yeni gözəllik verir”.