AXCP sədrinin müavini Seymur Həzi “Amerikanın Səsi”nə müsahibə verib.
1982-ci il təvəllüdlü Seymur Həzi BDU-nun şərqşünaslıq fakültəsini (bakalavr və magistr dərəcələri ilə) bitirib. 2014-cü il avqustun 29-da tutularaq bir nəfərə xəsarət yetirmək ittihamı ilə 5 il həbsdə yatıb.
Demokratik Qüvvələrin Milli Şurasının bu il oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiya ərəfəsində Seymur Həzi 30 sutka inzibati həbs cəzası alıb. Həmin cəza noyabrın 16-da bitib.
“Amerikanın Səsi”nin noyabrın 20-də yaydığı müsahibədə Seymur Həzi Azərbaycanda siyasi fəaliyyət üçün şəraitin yox vəziyyətində olduğunu deyib: “Sərbəst toplaşmaq azadlığı siyasi fəaliyyətin ən mühüm atributu kimi sıradan çıxarılıb. İnsanların toplaşmasına, fikirlərini ifadə etməsinə imkan yaradılmır. Əksinə, polis gücü, naməlum təzyiq vasitələri ilə insanlar təhdid olunur ki, onlar siyasi fəaliyyətdən imtina etsinlər. Siyasi fəaliyyət sanki dövlətçilik əleyhinə fəaliyyət kimi qiymətləndirilir. Bu məsələdə Azərbaycan Şimali Koreya standartlarına yaxınlaşır. İctimai-siyasi fəallar nəinki siyasi tədbirlər, hətta adi tədbirlər üçün bir çay süfrəsində toplaşa bilmirlər. Avropa Şurası üzvü olan Azərbaycan üçün, eyni zamanda Avropa İttifaqı ilə siyasi və iqtisadi sazişlərə hazırlaşan bir ölkə üçün vəziyyət çox acınacaqlıdır”.
Seymur Həzi qeyd edib ki, Milli Şuranın sonuncu tədbirlərinə qədər ölkədə vəziyyət tamamilə başqa istiqamətdə olub: “Əslində yeni dövrün ilk impulsiv hadisəsi 19 yanvar 2019-cu il mitinqi idi. Həmin mitinqdə vətəndaşların kütləviliyi və sosial tələblərlə etiraza marağının böyük olduğu ortaya çıxdı. Uzun apatiya illərindəın sonra vətəndaşlar özlərinin haqlarının qorunması və tələb olunması qismində Azərbaycan müxalifətinin bir ünvan olduğunu qəbul etdi və ona dəstək verməyə başladı.
Oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına elan olunmuş piketə tamaşa etmək üçün minlərlə insan paytaxtın mərkəzinə axışdı. Bu özü bir göstərici, yeni bir dövr idi.
19 oktyabr mitinqi xüsusilə qiymətləndirilməlidir. Bütün əsas müxalifət fəalları, AXCP-nin əksər rəhbərliyinin həbs olunmasına baxmayaraq minlərlə insan Bakı şəhərində bir neçə saat etirazlar etdi. Hakimiyyət Bakıda hərəkəti məhdudlaşdırmağa məcbur oldu.
Bu, Azərbaycan xalqının öz taleyinə biganə olmadığını göstərir və bu biganəliyin aradan qalxması xalqımız üçün çox yaxşı bir siqnaldır”.
Müxalifət düşərgəsində əməkdaşlıq perspektivləri ilə bağlı sualı cavablandıran Seymur Həzi deyib ki, müxalifət düşərgəsi anlayışı artıq etirazçı xalq düşərgəsi məsələsinə çevrilib: “Müxalifətçilik artıq bir ünvan deyil, müxalifətçilik, etirazçılıq artıq ümumxalq işidir. O işdə Seymurun olub-olmaması, Seymurun kiminlə razılaşıb razılaşmaması heç nəyi həll eləmir. Bu işdə əsas həlledici odur ki, Azərbaycan xalqı öz taleyinə sahib çıxmağa başlayıb və bu məsələdə hamı xalqın yanında olmalıdır ki, xalq da bizim yanımızda olsun. Əməkdaşlığın yeganə ünvanı Azərbaycan xalqıdır. Azərbaycan xalqı hansı qüvvəni seçib onun tədbirlərinə təşkilatçılıq eləyəcəksə, hamımız o qüvvənin ətrafında təmərküzləşməyə məcburuq”.