Azərbaycanın milli futbol komandası 2020-ci ilin Avropa çempionatının seçmə mərhələsində çox uğursuz çıxış etdi. E qrupunda yarışan yığma 8 oyunda 1 xal toplayaraq 5 komandalıq qrupda sonuncu oldu.
Novator.az bildirir ki, bu, milli komandanın tarixində ən pis göstəricinin təkrarıdır. Yığma beynəlxalq turnirlərə 1996-cı ilin Avropa çempionatının seçmə mərhələsindən qatılmış, həmin turnirdə 1 xal yığaraq 6 komandalıq qrupda 6-cı yeri tutmuşdu.
1998-ci ilin dünya çempionatının seçmə mərhələsini komanda 3 xalla bitirib, 5 komanda arasında qrup sonuncusu olub.
2000-ci ilin Avropa çempionatının seçmə turnirini Azərbaycan 4 xalla, 6 komanda arasında 5-ci sırada bitirib.
2002-ci ilin dünya çempionatının seçmə mərhələsində Azərbaycan 5 xal toplayıb, 6 komanda arasında autsayder olub.
2004-cü ilin Avropa çempionatının seçmə mərhələsini milli komanda 4 xalla bitirib, 5 komanda arasında son pilləni tutub.
2006-cı ilin dünya çempionatının seçmə mərhələsini milli komanda 3 xalla, 6 komanda arasında axır sırada başa vurub.
2008-ci ilin Avropa çempionatının seçmə mərhələsində komanda 5 xal toplayıb, 8 komanda arasında sonuncu olub.
2010-cu ilin dünya çempionatının seçmə mərhələsini Azərbaycan 5 xalla, 6 komanda arasında 5-ci sırada bitirib.
2012-ci ilin Avropa çempionatının seçmə mərhələsində 7 xal toplayan Azərbaycan 6 komandalıq qrupda 5-ci olub.
2014-cü ilin dünya çempionatının seçmə mərhələsində yığma komanda 9 xal toplayıb, 6 komanda arasında 4-cü yeri tutub.
2016-cı ilin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan 6 xal toplayıb, 6 komanda arasında 5-ci olub.
2018-ci ilin dünya çempionatının seçmə mərhələsində Azərbaycan 10 xal toplayıb, 6 komanda arasında 5-ci yeri götürüb.
2018-ci il UEFA Millətlər Liqasının ən aşağı divizionunda – D divizionunda Azərbaycan 4 komandalıq qrupu 9 xalla 2-ci sırada bitirib.
Milli komandaya 2019-cu il fevralın 11-dən xorvatiyalı Nikola Yurçeviç baş məşqçilik edir. Onun rəhbərliyi altında yığma yalnız bir oyunda qələbə qazanıb. Yığma səfərdə Bəhreynlə yoldaşlıq oyununda 3:2 hesabı ilə üstün gəlib.
Azərbaycan milli komandasına 1992-1993-cü illərdə Ələkbər Məmmədov, 1994-1995-ci illərdə Ağasəlim Mircavadov, 1995-1996-cı illərdə Kazbek Tuayev, 1997-1999-cu illərdə Vaqif Sadıqov baş məşqçilik edib.
1999-2000-ci illərdə milli komandanın sükanı arxasında Əhməd Ələsgərov, 2000-2001-ci illərdə İqor Ponomaryov, 2002-2004-cü illərdə Əsgər Abdullayev, 2004-2005-ci illərdə Karlos Alberto Torres, 2005-2007-ci illərdə Şahin Diniyev, 2008-2014-cü illərdə Berti Foqts, 2014-2017-ci illərdə Robert Prosineçki, 2017-2018-ci illərdə Qurban Qurbanov dayanıb.