“Dəmir yolu iqtisadi gücümüzü artırır”. Prezident İlham Əliyev noyabrın 19-u “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında belə deyib.
Pirşağı stansiyasında prezidenti qarşılayan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov qeyd edib ki, Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var: “Bakı sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt sərnişin-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi dəmir yolu xəttinin ümumi uzunluğu 191,6 kilometrdir. Aparılan yenidənqurma işləri çərçivəsində Zabrat-1, Məmmədli dayanacaqları, Pirşağı və Zabrat-2 stansiyaları yenidən qurulub”.
Dövlət başçısı Pirşağı stansiyasından qatarla Zabrat-2 stansiyasına gəlib, sonra Bakı dəmir yolu vağzalına baş çəkib. Orada bir qrup dəmiryolçu ilə görüşən İlham Əliyev dəmir yollarının yenidən qurulması istiqamətində çox iş görüldüyünü vurğulayıb: “Davos Dünya İqtisadi Forumu öz hesabatında göstərib ki, Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdədir. Bütün bunları son illər ərzində biz həll etmişik. Dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə mən Cavid Qurbanovu bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var. Həm Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilib, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, yükdaşımalar kəskin artır, həm də ölkə daxilində infrastruktur təzələnir, İsveçrə istehsalı olan yeni müasir “Ştadler” vaqonları alınıb. Bu vaqonlar dünya miqyasında ən gözəl və təhlükəsiz vaqonlardır.
Dəmir yolları, stansiyalar tikilir, şəhərətrafı dəmir yolu uğurla inşa edilir. Gələn il Sumqayıt-Pirşağı dəmir yolu birləşəcək və beləliklə, dairəvi yol formalaşacaq. İnvestisiya proqramında yenə də əlavə vəsait nəzərdə tutulacaq ki, biz dəmir yolu şəbəkəsini genişləndirək.
Dəmir yolu həm bizim iqtisadi gücümüzü artırır, Azərbaycan bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevrilir, eyni zamanda bu, vətəndaşların rahatlığı üçün çox böyük əhəmiyyət daşıyır.
Bakı-Gəncə sürət qatarının işləməsi ölkəmizə nə qədər böyük dəyişiklik gətirir. İndi Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir. Bundan sonra da bu işlər görüləcək. Qəbələyə, Şahdağa qədər dəmir yollarının tikintisi nəzərdə tutulur. Bakı-Yalama, Astara-Ələt dəmir yolunun bərpası nəzərdə tutulur. İş çoxdur”.
Novator.az bildirir ki, Cavid Qurbanov 2015-ci il fevralın 9-dan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədridir.
Əvvəllər “Azərdövlət” Layihə İnstitutunda, “Azərnəqliyyattikinti” trestinin avtobazasında çalışıb, “Elektromexanikləşdirmə” trestinin 4 saylı avtonəqliyyat kontorunun direktoru, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin İxtisaslaşdırılmış İstehsalat Avtomobil Nəqliyyat Birliyinin baş direktoru olub, “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti, “Avtoərzaqnəqliyyat” Birliyinin baş direktoru, Dövlət Dəmir Yolu İdarəsinin Bakı bölməsinin təchizat şöbəsinin rəisi, Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini – “Azərdəmiryolservis” İstehsalat Birliyinin rəisi, Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin rəisi, “Azəryolservis” ASC-nin sədri vəzifələrini tutub.