Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu il oktyabrın 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 282 min nəfər pensiyaçı qeydiyyatda olub. Onların 58,2 faizi yaşa, 30,2 faizi əlilliyə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği 240,6 manat göstərilir.
Azərbaycanda əmək pensiyasının minimum məbləği 200 manatdır.
“Əmək pensiyaları haqqında” qanunda yeniliyə görə, 2020-ci ildən əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək.
Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalını isə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirmək qərara alınıb.
Əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.
Pensiya kapitalı fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.
İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilir.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2019-cu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artıb.
2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsulları və xidmətlərin isə 2018-ci ilin eyni dövrünə nisbətən 2,6 faiz bahalaşdığı açıqlanıb.