Jurnalist İbrahim Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin edilib. O, noyabrın 19-da bu postdan getmiş Ayaz Mirzəyevi əvəzləyib. Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinə 2019-cu ilin aprel ayından rəhbərlik edirdi.
Novator.az bildirir ki, 1964-ci il təvəllüdlü İbrahim Məmmədov Azərbaycan Dövlət Pedaqoji Universitetini tarix və hüquq ixtisasları ilə bitirib. Tarix üzrə fəlsəfə doktorudur.
“Çağ” və “Azadlıq” qəzetlərində, “Space” və ANS telekanallarında çalışıb. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru, sədr müavini olub. Son vaxtlar ARB kanalının sədr müavini və şərhçisi idi.
Əməkdar jurnalistdir.
Prezidentin yuxarı icra orqanı olan Nazirlər Kabinetinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.
2019-cu il oktyabrın 8-dən baş nazir postunu Əli Əsədov tutur.