Noyabrın 19-da Müsavat Partiyasının başqanı Arif Hacılı Bakıda mətbuat konfransı keçirib.
Tədbirdə Almaniyada qanunsuz miqrasiyaya qarşı aparılan əməliyyatlardan danışılıb.
Son günlər mediada və sosial şəbəkələrdə yayılan iddialara görə, Almaniya polisinin noyabrın 13-də keçirdiyi əməliyyat zamanı Azərbaycandan Avropaya mühacir cəlb edənlər, o cümlədən müsavatçılar tutulub.
Almaniyadakı əməliyyata 510 polis cəlb edilib, 6 federal əyalət üzrə 38 obyektdə axtarış aparılıb. Bu obyektlərdən 13-ü azərbaycanlılara məxsusdur.
Məsələ ilə bağlı xüsusilə sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki, bəzi azərbaycanlılara mühacir statusu ala bilmələri üçün Müsavat Partiyasından, Müsavatın Avropa Koordinasiya Mərkəzindən saxta sənədlər verilib.
Musavat.com xəbər verir ki, Arif Hacılı noyabrın 19-da keçirdiyi mətbuat konfransında mühacir məsələsi ilə bağlı Müsavata və bir sıra partiyalara qarşı kampaniya aparıldığını vurğulayıb: “Bir müddət əvvəl Azərbaycanın Baş Prokurorluğunda bu məsələ üzrə istintaq işinə başlanıb. Müsavat və AXCP istintaqa cəlb olunub. Bu işlə əlaqədar mən, İsa Qəmbər (Müsavatın keçmiş başqanı), Gülağa Aslanlı (Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri), Əli Kərimli (AXCP sədri), Gözəl Bayramlı (AXCP sədrinin müavini) istintaqda iştirak etmişik. Müsavata qarşı iddialarla bağlı bir neçə məhkəmə prosesi də keçirib. Bu məhkəmələrdə iddiaların yalan olduğu sübuta yetirilib”.
Azərbaycanda müxalifətçilərin hamısının təzyiqə məruz qaldığını deyən Arif Hacılı bildirib ki, bununla belə onlar heç kimə Azərbaycandan getməyi tövsiyə etməyiblər: “Təzyiqlə üzləşmiş müsavatçıların partiya üzvü olduqlarını təsdiqləyən sənədlər isə vermişik. Barəsində bu cür sənəd verdiyimiz müsavatçıların sayı çox deyil, 200 nəfər olar.
Arif Hacılı qeyd edib ki, Müsavat Partiyasında təzyiqlə üzləşən üzvlərin arayış alması üçün bir neçə mexanizm müəyyənləşdirilib və bu mexanizmlər mürəkkəb olduğundan saxtakarlığa yol verilməsi mümkün deyil.
Başqanın sözlərinə görə, Müsavat üzvü xaricə gedibsə, ona sənəd verilmir: “Həmin müsavatçının getdiyi ölkənin miqrasiya idarəsi Müsavata rəsmi sorğu göndərdikdə isə sorğuya baxılır və cavab verilir. Eyni zamanda Müsavat Məclisi qərar qəbul edib ki, partiyaya üzvlüyü 2 ildən az olan şəxslərə arayış verilməsin. Xaricdə yaşayan azərbaycanlıların Müsavata üzvlüyü mümkündür. Amma xaricdə yaşayan azərbaycanlıların qəbulu üçün zəmanət tələb olunur, həmin namizəd tanınmış adam olmalıdır və onu yalnız partiyanın Divanı Müsavata qəbul edə bilər”.
Almaniya polisinin müsavatçılardan yalnız bir nəfəri – Müsavatın Avropa Koordinasiya Mərkəzinin üzvü Mehdi Xəlilbəylini saxladığını söyləyən Arif Hacılı hazırda istintaq getdiyini, Almaniya məhkəmələrinin ədalətli qərar verəcəyinə inandığını vurğulayıb. O bir daha bildirib ki, Müsavat Partiyasının, Müsavatın Avropa Koordinasiya Mərkəzinin qanunsuz miqrasiya və saxta sənədlərin verilməsi məsələlərinə heç bir aidiyyəti yoxdur.
“Basta”nın məlumatına görə, Arif Hacılı qeyd edib ki, Müsavatın Avropa Koordinasiya Mərkəzinin rəhbər orqanları buraxılıb və konfransa hazırlıq üzrə təşkilat komitəsi formalaşıb. Təşkilat komitəsinə Eldəniz Yusibov, Akif Nağısoy, Sərdar Ağayev, Nurlan Əliyev və Qorxmaz Beydullayev daxil olub.
Arif Hacılı xaricdə şərikli biznesinin, otellərinin, mənzillərinin olması haqda iddiaları da rədd edib.
Noyabrın 14-də Almaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı təyyarə ilə Azərbaycana qaytarılıb. Onların 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaqdır.
Arif Hacılı 1962-ci ildə doğulub.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. Milli azadlıq hərəkatının (1988-1991) öncül şəxslərindəndir. 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinə sədrlik edib.
1990-cı ildə parlamentin deputatı seçilib. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) dövlət müşaviri postunu tutub.
1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən partiya başqanının müavini olub. 2014-cü ildən Müsavat başqanıdır.
2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb.