Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublu noyabrın 18-də azadlığa buraxılıb.
Novator.az bildirir ki, Tofiq Yaqublu Milli Şuranın oktyabrın 19-u Bakının mərkəzində keçirdiyi sanksiyasız aksiyada tutularaq 30 sutka inzibati həbs almışdı. O, paytaxtın Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanırdı.
Tofiq Yaqublu ilə eyni gündə tutulan Rüfət Səfərov (bitərəf) və Baba Süleymanov da (AXCP) 30 sutkalıq həbs cəzasını noyabrın 18-də başa vururlar.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 2016-cı il martın 17-dək həbsdə yatıb.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Qurumun rəhbərliyində AXCP sədri Əli Kərimli də yer alır.
Milli Şura 19 oktyabr mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Paytaxt rəhbərliyi Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təklifdən imtina edən Milli Şura “28 May” metro stansiyasının həndəvərində sanksiyasız aksiya keçirib.
Bu aksiyaya görə 31 nəfərə inzibati həbs cəzası verilib. Ən ağır cəzaya AXCP üzvü İlham Hüseyn məruz qalıb. 19 oktyabr aksiyası ərəfəsində tutulan İlham Hüseynə 60 sutka cəza verilib.
Milli Şura noyabrın 2-də də “28 May” metro stansiyasının həndəvərində sanksiyasız aksiya keçirmək niyyətində idi. Sonradan ləğv olunan aksiya ərəfəsində tutulan AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı, partiya fəalları Emin Manıyev, Aydın İsayev və Cavid İbrahimov 30 sutka inzibati həbs cəzası alıblar.
Müsavat başqanının təşkilat məsələləri üzrə müavini, partiya Divanının üzvü Razim Əmiraslanlıya isə noyabrın 11-də 15 sutka inzibati həbs cəzası kəsilib.
Müsavat Partiyası noyabrın 10-u paytaxtda siyasi məhbuslara azadlıq, repressiyalara son, seçki islahatları tələbləri ilə mitinq keçirmək niyyətində idi. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə aksiya üçün bu ünvanlar göstərilmişdi: Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan, metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.
Paytaxt rəhbərliyi mitinq üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunu ayırıb. Bu təkliflə razılaşmayan Müsavat Partiyası noyabrın 12-nə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına etiraz piketi təyin edib. Paytaxt rəhbərliyi piketlə bağlı müraciəti də mənfi cavablandırıb və Müsavat sanksiyasız aksiya keçirməyə qərar verib.
Aksiyadan əvvəlki günlərdə və noyabrın 12-də 50-dən çox müsavatçı, o cümlədən partiyanın başqanı Arif Hacılı tutulub.
Həmin gün saat 15 radələrində bir qrup müsavatçı Bakı metrosunun “İçərişəhər” stansiyasından paytaxtın icra hakimiyyətinin binasına doğru irəliləməyə cəhd göstərib. Polis buna imkan verməyib.
Piketə cəhd zamanı və əvvəlki günlərdə tutulanlar azadlığa çıxsalar da, Razim Əmiraslanlı 15 sutkalıq inzibati həbsə göndərilib.