Noyabrın 18-də prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edib. AZƏRTAC xəbər verir ki, İlham Əliyev Naxçıvanın inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb: “Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf edib, sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılıb.
Çətin coğrafi vəziyyəti nəzərə alaraq ilk növbədə Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir”.
İlham Əliyev qeyd edib ki, energetika istiqamətində də böyük işlər görülüb: “Hazırda Naxçıvanda generasiya gücü 220 meqavata yaxındır və sevindirici hal ondan ibarətdir ki, bunun əksəriyyəti bərpa olunan enerji növləridir. Su və günəş elektrik stansiyalarının tikintisi geniş vüsət alıb. Hazırda uzun illər üzərində işlədiyimiz və İran İslam Respublikası ilə imzalanmış anlaşma nəticəsində reallaşan önəmli layihə icra edilir – 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası tikilir”.
Vasif Talıbov qeyd edib ki, Araz çayının Azərbaycan ərazisinə tərəf hissəsində bənd tikilib, qapılar qoyulub, kanalda işlər davam etdirilir: “İran İslam Respublikası ilə danışıqlar aparılır ki, o tərəfdən də bəndin tikintisi ilə bağlı işlərə başlansın. Vəsait ayırıbsınız, heç bir problem yoxdur, işlər davam etdirilir”.
Ali Məclisin sədri yolların vəziyyətinə toxunaraq Culfa-Ordubad yolunun tikintisinin davam etdirildiyini deyib: “Yolun uzunluğu 50 kilometrdir. Onun 11 kilometri 2 gedişli-2 gəlişli, qalan 40 kilometrə yaxını isə 1 gedişli-1 gəlişlidir. Artıq orada torpaq və bir qat asfaltın qoyulması işləri başa çatıb. Bu ilin sonuna kimi orada ikinci asfalt qatının qoyulması başa çatacaq. İcazənizlə, biz üçüncü qatı qışda deyil, may-iyun aylarında qoyaq. Yol böyüsün, otursun, may-iyun aylarında tamamlanacaq.
2003-2019-cu illər ərzində kənd yolları da daxil olmaqla, 2 min kilometrə yaxın ümumi yollar investisiya və büdcə vəsaiti hesabına qurulub”.
Şərur Sənaye Məhəlləsinin yaradılmasından söz açan Vasif Talıbov deyib ki, layihə-planlama işlərinə başlanıb, qısa müddət ərzində investorların cəlbi ilə bağlı təkliflər vermişik: “Təklifləri gözləyirik ki, orada hansı sənaye müəssisələri qurulsun. Demək olar ki, bu ilin sonuna artıq orada ilk müəssisənin qurulması işlərinə başlanacaq. İlk olaraq bitki yağları istehsalı müəssisəsinin qurulması nəzərdə tutulub. Ona görə ki, muxtar respublikamızda bu, yüz faiz idxal hesabına həyata keçirilir.
Xalça fabrikinin qurulması işləri başa çatdırılıb. İndi yun tədarükü sexinin qurulması işləri davam etdirilir. Artıq orada işçilər götürülüb, yəni sınaq işləri başlanılıb, xalçalar toxunur. Bir-iki ay müddətində orada işlər tamamilə başa çatdırılacaq”.
İlham Əliyev deyib ki, Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir: “Hesab edirəm növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin”.
Novator.az bildirir ki, Vasif Talıbov 1960-cı ildə Şərurun Aşağı Aralıq kəndində doğulub. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix-filologiya fakültəsini (1981-ci il) və Bakı Dövlət Universitetinin hüquq fakültəsini (1998-ci il) bitirib. 1991-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ildən Naxçıvan Muxtar Respublikası baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb. 1995-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
1995, 2000, 2005, 2010, 2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.