Milli Məclis 2020-ci ilin dövlət büdcəsini və büdcə zərfinin digər sənədlərini ikinci oxunuşda noyabrın 26-da müzakirə edəcək.
14 noyabr iclasında parlamentin 2020-ci il üçün xərclər smetası ilk oxunuşda təsdiqlənib. Milli Məclisin və onun Aparatının saxlanması üçün 45 milyon 488 min 15 manat vəsait nəzərdə tutulub.
Başqa bir layihəyə əsasən, Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası 9 milyon 61 min 223 manatdır.
2020-ci ilin dövlət büdcəsi layihəsində gəlirlər 24 milyard 134,5 milyon manat göstərilir.
Novator.az-ın məlumatına görə, Dövlət Neft Fondundan 11 milyard 350 milyon manat, vergi orqanlarından 7 milyard 875 milyon manat, gömrük orqanlarından 4 milyard manat daxilolma gözlənir.
26 milyard 913,7 milyon manatlıq xərclərin istiqamətləri belədir:
iqtisadi fəaliyyət – 5 milyard 602,4 milyon manat;
ümumi dövlət xidmətləri – 4 milyard 27,2 milyon manat;
müdafiə və milli təhlükəsizlik – 3 milyard 853,5 milyon manat;
sosial müdafiə və sosial təminat – 3 milyard 244,5 milyon manat;
təhsil – 3 milyard 155,7 milyon manat;
məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 1 milyard 973 milyon manat;
səhiyyə – 1 milyard 369 milyon manat
kənd təsərrüfatı – 920,9 milyon manat
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 439,1 milyon manat;
ətraf mühitin mühafizəsi – 279,8 milyon manat;
mənzil və kommunal təsərrüfatı – 249,1 milyon manat;
əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 798,7 milyon manat.
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 825,5 milyon manat, işsizlikdən sığorta fondunun gəlirləri və xərcləri 128,2 milyon manatdır.
2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 160 manat götürülür.