Noyabrın 14-də Milli Məclis Vergi Məcəlləsində dəyişiklikləri ilk oxunuşda qəbul edib.
Novator.az bildirir ki, təklif olunan yeniliklərdən birinə görə, sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmalar və güzəştlər müddətli olmalı və fərdi xarakter daşımamalıdır.
Başqa bir yeniliyə əsasən, Vergi Məcəlləsində edilən dəyişikliklər (qanunla müəyyən edilən digər normativ hüquqi aktlarda edilən dəyişikliklərlə bağlı uyğunlaşma istisna olmaqla) növbəti büdcə ilindən qüvvəyə minir.
Layihəyə görə, Azərbaycana gətirilən mallar üçün ölkədən asılı olaraq müxtəlif gömrük rüsumu dərəcələrinin müəyyən edilməsi qaydası ləğv olunur.
Dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər dövlətə ayrılan hissə təqdim etdikdə əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlir hesab edilmir.
Məcəlləyə bu anlayışlar daxil edilir:
yalan əqd – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əqdi pərdələmək məqsədilə bağlanan, habelə faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə əməliyyatların rəsmiləşdirildiyi əqd;
yalan əqd üzrə benefisiar (faydalanan şəxs) – yalan əqd bağlamaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, habelə yalan əqd bağlamaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya yalan əqd bağlamaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxs;
riskli vergi ödəyicisi – müvafiq orqanın (qurumun) qərarı ilə təsdiq edilmiş meyarlara uyğun olan və barəsində qərar olan vergi ödəyicisi;
transmilli şirkətlər qrupu – müxtəlif ölkələrdə rezident olan iki və ya daha çox şirkətin daxil olduğu və ya bir ölkədə rezident olan və başqa ölkədə daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən şirkətin daxil olduğu şirkətlər qrupu.
Digər təklifə görə, bu vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alına bilərlər: təbii inhisar subyektləri; xüsusi vergi rejimli müəssisələr; işçilərin orta siyahı sayı 251 və ondan yuxarı olan, balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5 milyon manatdan yuxarı vergi ödəyiciləri.
Yeniliklərin 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.