Noyabrın 14-də Moldova parlamenti prezident İqor Dodonun təqdimatına baxaraq İon Kikunun başçılıq etdiyi yeni hökumətin tərkibini təsdiqləyib. Qərarı 101 yerlik parlamentin 62 deputatı dəstəkləyib.
Novator.az bildirir ki, 1972-ci il təvəllüdlü İon Kiku 2018-2019-cu illərdə maliyyə naziri olub. Baş nazir postuna gətirilənədək prezidentin müşaviri idi.
Yeni hökumət 2020-ci ilin payızında keçiriləcək prezident seçkisinə qədər iş başında olacaq.
Bu il fevralın 24-də seçilmiş parlamentdə Rusiyaya yaxınlığı ilə tanınan Sosialist Partiyası 36 mandata sahibdir. Qərbə yaxın qurumlardan Demokrat Partiyasının 30, ACUM blokunun 26 mandatı var. Şor Partiyası parlamentdə 7 mandatla, partiyasız şəxslər 2 mandatla təmsil olunur.
İyun ayında Sosialist Partiyası ilə ACUM bloku parlament çoxluğu formalaşdıraraq yeni hökumət qurublar. Sosialist Partiyasının sədri Zinaida Qreçanıy parlament sədri seçilib, ACUM blokundan Mayya Sandu baş nazir postuna gətirilib.
Moldova parlamenti noyabrın 12-də hökumətə etimadsızlıq göstərib. Etimadsızlıq təşəbbüsü sosialistlərdən gəlib. Onlar hökuməti, konkret olaraq baş nazir Mayya Sandunu ədliyyə islahatlarının iflasında günahlandırıb. Hökumətin “Prokurorluq haqqında” qanuna təklif etdiyi dəyişiklik layihəsində baş prokuror postuna namizədlərin ilkin seçimini baş nazirin aparması nəzərdə tutulub. Sosialistlər bunu narazılıqla qarşılayıblar.
Sosialist Partiyasının dəstəklədiyi İqor Dodon prezident postunu 2016-cı ildən tutur.