Nazirlər Kabineti doktoranturaya qəbul qaydalarını yeniləyib. Novator.az bildirir ki, yeniliyə görə, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunur.
Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər ixtisas fənnindən imtahana buraxılmırlar.
Xarici dil üzrə imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) keçirir. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir. Keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.
Beynəlxalq dil sertifikatına (İELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azaddır. Sertifikatın imtahan nəticələrinin keçid balına ekvivalentliyini Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla DİM müəyyənləşdirir.
Fəlsəfə fənni üzrə imtahan doktoranturaya qəbulu həyata keçirən ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatların tabe olduqları müvafiq qurumlarda müəyyən olunmuş ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatlarda həyata keçirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbərinin yaratdığı komissiya həyata keçirir və imtahana yalnız fəlsəfə fənnindən “məqbul” alan şəxslər buraxılırlar.
Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan elmi rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar olmadıqda komissiyanın tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri) və dosentlər daxil edilir.
Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılmış qəbul komissiyaları imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar; elmlər doktoru elmi dərəcəsi almaq hüququna fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.