“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb.
Sergey Lavrov noyabrın 11-i Ermənistanın paytaxtı Yerevanda həmkarı Zöhrab Mnasakanyanla birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə toxunub. O, “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir sülh razılaşmasının həyata keçməyəcəyini” deyib.
Noyabrın 13-də “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin yaydığı bəyanatda qeyd olunur ki, Sergey Lavrovun bu cür ifadələr səsləndirməsi ciddi təəssüf və təəccüb doğurur. İctimai birlik prezident İlham Əliyevin oktyabrın 3-ü Rusiyanın Soçi şəhərində, “Valday” beynəlxalq diskussiya klubunun iclasında “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi” dediyini xatırladır və bildirir ki, Dağlıq Qarabağın Azərbaycan əhalisi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal olunmuş digər 7 rayonun əhalisi kimi etnik təmizləməyə məruz qalıb: “Münaqişənin həllinə məsul olan ATƏT-in Minsk prosesi çərçivəsində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları maraqlı tərəflər kimi müəyyən olunub. Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlərində də heç vaxt “Dağlıq Qarabağ xalqı” məfhumu qeyd edilməyib.
2019-cu il də Rusiyanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrləri iki dəfə regiona səfər edib və hər iki səfərin yekun bəyanatlarında Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları ilə görüşdüklərini bildiriblər.
Sergey Lavrovun səsləndirdiyi fikirlər həm də ona görə təəssüf hissi doğurur ki, o, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf 7 rayondan 1 milyondan çox köçkün düşmüş azərbaycanlının öz torpaqlarına geri qayıtmaq hüququnu vurğulamır”.
Bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtması ilə tənzimlənə bilər. Biz Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bir daha bəyan edirik ki, icmamızın 80 mindən çox azərbaycanlı üzvü öz yurduna geri qayıdacaqları günü gözləyir. Biz Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyası həyata keçirən həmsədr dövlətlərdən və nüfuzlu beynəlxalq təşkilatlardan ədalətli mövqe gözləyirik. Yalnız bundan sonra Dağlıq Qarabağda sülh bərqərar ola və keçmişdə olduğu kimi azərbaycanlılarla ermənilər sülh şəraitində, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində yaşaya bilərlər”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən) ermənilərin əlinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Novator.az bildirir ki, 2009-cu ildə yaradılmış “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinə əvvəlcə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sədrlik edib. 2018-ci il dekabrın 20-də diplomat Tural Gəncəliyev sədr seçilib.
23 nəfərdən ibarət İdarə Heyətində Asif Cahangirov sədrin müavini, ictimai birliyin fəaliyyətinin əlaqələndiricisi vəzifəsini, Elçin Əhmədov sədrin müavini postunu tutur.
Əvvəlki sədr Bayram Səfərov da İdarə Heyətinin üzvüdür.
İdarə Heyətinin üzvləri arasında Rövşən Rzayev (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri), Şahmar Usubov (Xocalı Rayon İcra Hakimiyyətinin başçısı), Eyvaz Hüseynov (Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı), Polad Bülbüloğlu (Azərbaycanın Rusiyada səfiri), Elman Məmmədov (Milli Məclisin deputatı), Flora Qasımova (Milli Məclisin deputatı), Fərhad Bədəlbəyli (Bakı Musiqi Akademiyasının rektoru, professor), Kamal Abdulla (Azərbaycan Dövlət Dillər Universitetinin rektoru, akademik) və başqaları da yer alır.