Müsavat başqanının təşkilat məsələləri üzrə müavini, partiya Divanının üzvü Razim Əmiraslanlıya kəsilmiş cəzadan apellyasiya şikayəti verilib.
Noyabrın 11-də tutulan Razim Əmiraslanlı Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası alıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.
Novator.az bildirir ki, noyabrın 13-də vəkil Nemət Kərimli paytaxtın Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanan Razim Əmiraslanlıya baş çəkib. Həmin gün Nemət Kərimli Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi təqdim edərək Razim Əmiraslanlıya bəraət verilməsini, onun azadlığa buraxılmasını istəyib.
Müsavat Partiyası noyabrın 10-u paytaxtda siyasi məhbuslara azadlıq, repressiyalara son, seçki islahatları tələbləri ilə mitinq keçirmək niyyətində idi. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə aksiya üçün bu ünvanlar göstərilmişdi: Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan, metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.
Paytaxt rəhbərliyi mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təkliflə razılaşmayan Müsavat Partiyası noyabrın 12-nə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına etiraz piketi təyin edib. Paytaxt rəhbərliyi piketlə bağlı müraciəti də mənfi cavablandırıb və Müsavat sanksiyasız aksiya keçirməyə qərar verib.
Aksiyadan əvvəlki günlərdə və noyabrın 12-də onlarla Müsavat funksioneri tutulub.
Noyabrın 12-si gündüz partiyanın başqanı Arif Hacılı da saxlanaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinə aparılıb və axşam saatlarında buraxılıb.
Həmin gün saat 15 radələrində bir qrup müsavatçı Bakı metrosunun “İçərişəhər” stansiyasından paytaxtın icra hakimiyyətinin binasına doğru irəliləməyə cəhd göstərib. Polis buna imkan verməyib.
Piketə cəhd zamanı və əvvəlki günlərdə tutulanlar azadlığa çıxsalar da, Razim Əmiraslanlı 15 sutkalıq inzibati həbsə göndərilib.
Hazırda Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyada tutulan 3 nəfər həbsdədir: Tofiq Yaqublu (Müsavat), Rüfət Səfərov (bitərəf), Baba Süleymanov (AXCP). Onların hər birinə 30 sutka həbs kəsilib.
Həmin aksiyadan əvvəlki günlərdə tutulan İlham Hüseyn (AXCP) 60 sutka, Seymur Həzi, Nicat Nizamov, Əliağa Məmmədov, Saqif Qurbanov, Emil Səlimov, Abdulla Mahmudov (hamısı AXCP) 30 sutka cəza alıb.
Milli Şura noyabrın 2-də də paytaxtda sanksiyasız aksiya keçirmək niyyətində idi. Sonradan ləğv olunan aksiya ərəfəsində tutulan AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlıya, partiya fəalları Emin Manıyev, Aydın İsayev və Cavid İbrahimova 30 sutka inzibati həbs cəzası verilib.