Noyabrın 13-ü Ali Məhkəmədə Bastainfo.com saytının baş redaktoru, Müsavat Partiyası Mətbuat və İnformasiya Departamentinin rəhbəri Mustafa Hacıbəylinin şikayətinə baxılıb.
Şikayət Bakı Apellyasiya Məhkəməsinin aprelin 25-də çıxardığı hökmdən verilib. Həmin hökmə əsasən, Mustafa Hacıbəylinin 5 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilməsi (cəzanın 2 ili sınaq müddətidir) haqda qərar qüvvədə saxlanıb.
Mustafa Hacıbəylinin şərti azadlıqdan məhrum edilməsi qərarını Bakı Ağır Cinayətlər Məhkəməsi fevralın 21-də çıxarıb.
Mustafa Hacıbəyli Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və 281-ci (dövlət əleyhinə çağırışlar) maddələri ilə təqsirli bilinib.
Mustafa Hacıbəyli hökmü ədalətsiz sayır və hesab edir ki, bu hökm siyasi sifarişlə verilib. O, bütün məhkəmə instansiyalarında özünə tam bəraət istəyib.
Mustafa Hacıbəylinin kassasiya şikayəti təmin olunmayıb. Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə Bakı Apellyasiya Məhkəməsinin aprelin 25-də çıxardığı hökm qüvvədə saxlanıb.
2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq 2018-ci il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər internet informasiya resurslarında Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.
Açıqlamada Bastainfo.com saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.
1972-ci il təvəllüdlü Mustafa Hacıbəyli Qarabağ müharibəsi veteranı, III qrup əlildir. İndiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi ilə Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. “525-ci qəzet”də, “Yeni Müsavat” qəzetində çalışıb, “Demokrat” qəzetinin baş redaktoru olub. Bastainfo.com saytını 2015-ci ildə yaradıb.
Mustafa Hacıbəyli Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşıdır.