Prezident İlham Əliyev noyabrın 12-də İlqar Abbasovu Şirvan şəhərinin, Mərdan Camalovu Zərdabın, Əziz Əzizovu Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra başçıları təyin olunmaları (İcra hakimiyyətlərində yerdəyişmələr) ilə bağlı qəbul edib.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, kadr islahatları ümumi islahatların tərkib hissəsidir: “Keçənilki prezident seçkisindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib”.
Dövlət başçısı Azərbaycanda ciddi kadr islahatları aparıldığını vurğulayıb: “Həm təcrübə qazanmış kadrlar öz işlərini daha səmərəli qururlar, eyni zamanda gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər.
Bu gün bir neçə rayona icra başçıları təyin olunur. Onların bəziləri neçə ildir ki, icra başçısı vəzifəsində işləyirlər, bəziləri bu gün bu məsul vəzifəyə təyin olunurlar. Biz burada təcrübə ilə yeniliyin sintezini, vəhdətini görürük və bu, uğurlarımızın əsas bazasıdır.
Yeni təyin olunan icra başçılarına mənim sözüm odur ki, siz ilk növbədə vəziyyəti düzgün qiymətləndirməlisiniz, çox ciddi təhlil aparmalısınız, çatışmayan cəhətləri üzə çıxarmalısınız və mövcud problemlərin həlli üçün səylərinizi göstərməlisiniz. Həlli mərkəzi icra orqanlarından asılı problemlər barədə mütləq mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər müvafiq qurumlara müraciət etməlisiniz. O məsələləri ki, özünüz həll edə bilərsiniz, özünüz də həll etməlisiniz. Başlıca məsələ ondan ibarətdir ki, sizin işinizdə əsas prinsiplər bərqərar olsun. Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur.
İcra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar. Bu onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir”.
Görüşə prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev də qatılıb.