Noyabrın 7-də Bakı Apellyasiya Məhkəməsi AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının şikayətinə baxıb.
Demokratik Qüvvələrin Milli Şurası noyabrın 2-si Bakıda, metronun “28 May” stansiyası ətrafında sanksiyasız aksiya keçirmək niyyətində idi. Oktyabrın 31-də ləğv olunan aksiya ərəfəsində tutulan Fuad Qəhrəmanlıya və AXCP fəalları Emin Manıyev, Aydın İsayev, Cavid İbrahimova 30 sutka inzibati həbs cəzaları verilib.
Fuad Qəhrəmanlıya 30 sutkalıq həbsi oktyabrın 31-də Nəsimi Rayon Məhkəməsi kəsib. Bakı Apellyasiya Məhkəməsi noyabrın 7-də həmin qərarını qüvvədə saxlayıb.
Azadliq.org-un məlumatına görə, prosesdə çıxış edən Fuad Qəhrəmanlı deyib ki, rayon məhkəməsinin qərarına əsasən, küçədə mobil telefonla danışarkən yüksək səslə söyüş söyüb və onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının tələbinə əhəmiyyət verməyib: “Halbuki saxlandığım ərəfədə mülki geyimlilərin məni izlədiyini görüb telefonumu söndürmüşdüm. Necə olur AXCP-nin onlarla üzvü həbs edilib, hamısı da telefonda söyüş söyməyə görə? Bu qədər qeyri-ciddi, absurd davranışla hüquq mühafizə orqanları özlərini biabır edirlər.
Məhkəmələr də fərqlənmir, sifarişlə həmin biabırçı protokolları qərar halına salırlar. Teatra baxmaqdan ötrü mütləq teatra getmək lazım deyil, Azərbaycanda məhkəmələr də bu işi görür”.
Fuad Qəhrəmanlı əlavə edib ki, Nəsimi Rayon Məhkəməsində tutulduğu ərazinin kamera görüntülərinə baxılmasını, telefonla danışıb-danışmadığını öyrənməkdən ötrü mobil operatora sorğu göndərilməsini istəyib, amma hakim bu vəsatətləri təmin etməyib.
Novator.az bildirir ki, 1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü olan Fuad Qəhrəmanlı 2000-ci ildən AXCP Ali Məclisində, 2003-cü ildən Ali Məclisin Rəyasət Heyətində təmsil edilib, 2009-cu ildə AXCP sədrinin müavini postuna təyinat alıb.
1975-ci il təvəllüdlü Fuad Qəhrəmanlı 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 2 ay həbsdə yatıb.
Fuad Qəhrəmanlı 2011-ci ildə müxalifətin razılaşdırılmamış mitinqinə görə 2 il şərti həbs cəzasına məhkum edilib.
2015-ci ildə Fuad Qəhrəmanlı yenidən tutulub, dövlət əleyhinə yönələn açıq çağırışlarda, zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlarda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
2019-cu il martın 17-də əfv sərəncamı əsasında azadlığa buraxılıb.
İndi də Fuad Qəhrəmanlının üstündə cinayət işi var. Onun Niderlandda ali təhsil alan qızı Selcan bu il sentyabrın 19-u “Facebook” səhifəsində yaydığı açıqlamasında atasının çoxdandır ailədə qəddar davrandığını, anasına, ona və bacısı Sənaya fiziki təzyiq göstərdiyini bildirib. Daha sonra Fuad Qəhrəmanlının həyat yoldaşı, yazıçı-publisist Zümrüd Yağmurun boşanmaq üçün məhkəməyə üz tutduğu xəbəri yayılıb.
Sentyabrın 20-də Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verib.
Baş Prokurorluğun oktyabrın 16-da yaydığı açıqlamaya görə, Fuad Qəhrəmanlının qızları Sənay və Selcana, eləcə də yoldaşı Zümrüdə qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə məlumatlar araşdırılıb, ona Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi qaldırıb, istintaq Abşeron Rayon Prokurorluğuna həvalə edilib.