7 ictimai-siyasi xadim – Arif Hacılı, Əli İnsanov, Əli Kərimli, İsa Qəmbər, Mehman Əliyev, Hikmət Hacızadə, Pənah Hüseyn noyabrın 5-də hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu, Qarabağın işğaldan azad edilməsi və digər ümummilli məsələlərdə həmrəy olduqlarını bəyan edərək hakimiyyətə qarşı mübarizədə funksional əməkdaşlığa qərar veriblər.
Novator.az həmin şəxslərlə bağlı arayışı təqdim edir:
Arif Hacılı
1962-ci ildə doğulub.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. 1980-ci illərdə Zaqatala radiosunda çalışıb.
Milli azadlıq hərəkatının (1988-1991) öncül şəxslərindəndir. 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinə sədrlik edib.
1990-cı ildə parlamentin deputatı seçilib. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) dövlət müşaviri postunu tutub.
1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən partiya başqanının müavini olub. 2014-cü ildən Müsavat başqanıdır.
2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb.
Əli İnsanov
1946-cı ildə doğulub.
Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Tibb elmləri doktorudur.
Yeni Azərbaycan Partiyasının qurucularındandır. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 1993-2005-ci illərdə səhiyyə naziri postunu tutub.
2005-2019-cu illərdə həbsdə yatıb.
Hazırda müxalif partiya yaratmaqla məşğuldur.
Əli Kərimli
1965-ci ildə doğulub.
Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Milli azadlıq hərəkatının öncül şəxslərindəndir. 1991-ci ildən “Azadlıq” qəzetinin parlament müxbiri və şərhçisi olub. Əbülfəz Elçibəyin prezidentliyi zamanı əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifəsində çalışıb.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.
1994-cü ildə bir müddət həbsdə yatıb.
İsa Qəmbər
1957-ci ildə doğulub.
Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1979-cu ildən Elmlər Akademiyasında (əvvəl Naxçıvan Elm Mərkəzində, sonra Şərqşünaslıq İnstitutunda) kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb.
Milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1993-cü ildə bir müddət həbsdə yatıb.
1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.
Hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.
Mehman Əliyev
1957-ci ildə doğulub.
Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb.
1990-cı ildən “Turan” informasiya agentliyinin direktorudur.
2017-ci ildə bir müddət həbsdə yatıb.
Hikmət Hacızadə
1954-cü ildə doğulub.
Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri namizədidir. Elmlər Akademiyasının Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
Milli azadlıq hərəkatının liderlərindəndir. Azərbaycan Xalq Cəbhəsinin “Svoboda” qəzetinin redaktoru olub.
Əbülfəz Elçibəyin prezidentliyi dövründə baş nazirin müavini, Azərbaycanın Rusiya paytaxtı Moskvada səlahiyyətli nümayəndəsi postlarını tutub.
1993-2015-ci illərdə Müsavat Partiyasının üzvü olub.
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin qurucusudur.
Pənah Hüseyn
1957-ci ildə doğulub.
Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1980-1983-cü illərdə Sabirabad rayonunda orta məktəb müəllimi, rayon tarix muzeyinin işçisi olub. 1986-cı ildən Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb.
Milli azadlıq hərəkatının liderlərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı əvvəl dövlət katibi, sonra baş nazir postlarını tutub.
1996-1997 və 2003-2005-ci illərdə həbsdə yatıb. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Azərbaycan Xalq Partiyasının sədridir.
Arif Hacılının yeni təklifi var
Arif Hacılı 5 nəfərdən müsbət cavab alıb
Dəyirmi masanın vaxtı və yeri açıqlandı