Siyasətçilərin və ictimai xadimlərin (Müsavat Partiyasının başqanı Arif Hacılı, sabiq səhiyyə naziri Əli İnsanov, AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Məclisinin üzvü İsa Qəmbər, jurnalist Mehman Əliyev, politoloq Hikmət Hacızadə, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn) 5 noyabr toplantısında funksional əməkdaşlıq bəyannaməsi ilə yanaşı iki bəyanat qəbul edilib.
“Basta” həmin sənədlərinin mətnini yayıb.
Sərbəst toplaşmaq azadlığının pozulması ilə əlaqədar bəyanat:
– Əliyev hakimiyyəti Azərbaycanda fundamental insan hüquqlarını, o cümlədən sərbəst toplaşmaq azadlığını ciddi şəkildə məhdudlaşdırmaqdadır. Ölkədə, xüsusilə də Bakıda mitinq və nümayişlərin keçirilməsinə faktiki qadağa qoyulub.
Hakimiyyət bu özbaşınalığı ilə ölkədə gərginliyin artmasına, polislə vətəndaşlar arasında qarşıdurmanın yaranmasına rəvac verib. Bunun nəticəsi olaraq oktyabrın 19-da Bakı şəhərinin mərkəzində demokratiya və azadlıqlar tələbi ilə keçirilən aksiya zorakılıqla dağıdılıb, iştirakçılara və təşkilatçılara qarşı adekvat olmayan güc tətbiq edilib. Çoxlu sayda insan həbs edilib və polis zorakılığı ilə üzləşib. Bəzi aksiya iştirakçıları saxlandıqdan sonra işgəncələrə məruz qoyulub. Hakimiyyətin işgəncələrə və qeyri-insani rəftara rəvac verməsi xüsusi hiddət doğurur və bağışlanmazdır.
Biz, noyabrın 5-də keçirilən dəyirmi masanın iştirakçıları Azərbaycanda dinc mitinq və nümayişlərin dağıdılmasını qətiyyətlə pisləyir, aksiya iştirakçılarına qarşı zorakılığa yol vermiş polis əməkdaşlarının cəzalandırılmasını tələb edirik.
Biz 19 oktyabr nümayişində həbs olunanların və Azərbaycandakı bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını, Azərbaycanda fundamental insan haqlarının, o cümlədən sərbəst toplaşmaq azadlığının təmin olunmasını tələb edirik.
Seçkilərlə bağlı bəyanat:
– Azərbaycanda davamlı sabitliyə, gerçək inkişafa nail olmaq üçün bir sıra islahatların həyata keçirilməsi, ilk növbədə hakimiyyət strukturlarının demokratik seçkilər vasitəsi ilə, xalqın iradəsi əsasında formalaşması zəruridir.
Azad və ədalətli seçkilər yalnız seçkiqabağı demokratik mühit, belə seçkilərin keçirilməsinə imkan verən seçki qanunvericiliyi, bərabərhüquqlu siyasi rəqabət şəraitində mümkündür.
Ölkədə yaxın gələcəkdə bələdiyyə və parlament seçkilərinin olacağını nəzərə alaraq bu təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edirik:
– fundamental insan hüquqları, o cümlədən sərbəst toplaşmaq, söz və ifadə azadlığı təmin edilsin;
– bərabərhüquqlu siyasi rəqabət şəraiti yaradılsın;
– bütün siyasi məhbuslar azad edilsin;
– zəruri seçki islahatları məqsədi ilə ümumxalq referendumu keçirilsin;
– proporsional seçki sistemi bərpa olunsun;
– seçki komissiyalarının tərkibi Avropa Şurasının Venesiya Komissiyasının tövsiyəsi də nəzərə alınmaqla iddiaçı tərəflərin nümayəndələrindən ibarət, paritet əsaslarla formalaşdırılsın;
– ilkin olaraq 2005-ci ilin parlament seçkisinin qaydaları təkmilləşdirilməklə bərpa edilsin;
– bələdiyyələrə gerçək yerli özünüidarə səlahiyyətləri verilsin;
– şəhərlərin ümumi bələdiyyələri yaradılsın;
– şəhər bələdiyyə başqanları ümumi, birbaşa seçkilər vasitəsilə seçilsin.