“Oqtay Gülalıyevin səhhəti ağır olaraq qalır. İstənilən halda beyin zədəsi ağır sayılır”. Bunu noyabrın 5-də “Azadlıq” radiosuna tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Adil Qeybulla bildirib ki, xəstənin səhhətində geriləmə yoxdur: “Müəyyən reflekslər var. Dörd koma dərəcəsindən ikinci koma vəziyyətindədir”.
Adil Qeybullanın sözlərinə görə, Oqtay Gülalıyevdə beyin əzilməsi baş verib, beyin qişalarında əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı) əmələ gəlib: “Əməliyyat zamanı hematoma çıxarılıb. Amma beyin ödəmi özü qalır. Ödəm müəyyən dövrdən sonra yavaş-yavaş gedəcək. Təəssüf ki, beyin funksiyasında müəyyən itkilər olacaq. Səhhətində geriləmə yoxdur, buna baxmayaraq müsbət dinamikanın olduğunu da demək hələ tezdir”.
Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva da vəziyyətin ağır olaraq qaldığını bildirib. O qeyd edib ki, hələlik vəkil tuta bilmədiklərindən istintaqın gedişi ilə maraqlana bilməyiblər.
Oqtay Gülalıyev indiki Dövlət İdarəçilik Akademiyasının məzunudur. Müxalif görüşləri ilə tanınır. Demokratik Qüvvələrin Milli Şurasının üzvü, Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.
2019-cu il oktyabrın 29-u axşam Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü qəza nəticəsində başından xəsarət almış Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.
Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. O, hazırda burada müalicə olunur.
Oqtay Gülalıyevin avtomobillə vurulması faktı ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurması haqdadır. Maddəyə görə, bu əməl 2 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni zamanda Cinayət Məcəlləsində qeyd olunur ki, 263.1-ci maddədə nəzərdə tutulan cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.
Oqtay Gülalıyev avtomobillə vurulduğu gün onun koordinatoru olduğu Repressiya və İşgəncələr Əleyhinə Komitə “İşgəncələrə son qoyulsun!” adlı 10 günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.
Oqtay Gülalıyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru olan zaman, 2012-ci ilin aprel ayında Sabirabadda, çay daşqınından ziyan çəkmiş vətəndaşlarla görüş zamanı tutulub. Sabirabad Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) ittiham olunan Oqtay Gülalıyev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib, iyun ayında həbs qətimkan tədbiri ləğv edilib. 2016-cı ilin oktyabrında cinayət işinə xitam verilib, onun ölkədən çıxışına qoyulan qadağa aradan qaldırılıb.
Oqtay Gülalıyevin vəziyyəti necədir?
Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?
Oqtay Gülalıyev reanimasiya şöbəsindədir