Əli Kərimlinin müraciətində nələr var?
- 05 Noyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli ictimaiyyətə müraciət edib. Novator.az-ın məlumatına görə, Əli Kərimli müxalifətin 2005-ci ildən sonra heç vaxt 2019-cu ildəki qədər güclü olmadığını vurğulayır: “Bu ilin 19 yanvarında və 19 oktyabrında keçirdiyimiz mitinqlər son 14 ilin ən güclü, rejimə qorxu yaradan və ciddi beynəlxalq reaksiyalar doğurmuş mitinqləri olub. Düzdür, rejimin təxribatlarından yayınmaq və bir müddətdən sonra meydanlara daha güclü çıxa bilmək üçün 2 noyabr mitinqini təxirə saldıq. Ancaq bu o demək deyil ki, hazırkı gücümüzlə 19 yanvar və ya 19 oktyabr mitinqi kimi mitinqlər edə bilmərik. Biz bu dəfə mitinqlərə gücdən düşməmiş, resurslarımızı tam itirməmiş fasilə verdik. Zəruri hesab etsək, cəmi bir-iki həftə sonra yenidən 19 oktyabr və 19 yanvar mitinqləri kimi yeni mitinqlər edə bilərik”.
Milli Şura 2013-cü ildə yaradılıb. Tarixçi alim Cəmil Həsənlinin sədrlik etdiyi qurumun Koordinasiya Mərkəzində Əli Kərimli ilə yanaşı Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, ssenarist, kinodramaturq Eldəniz Quliyev və başqaları təmsil olunur.
Milli Şura 2019-cu il yanvarın 19-da Yasamal rayonunda, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı İdman-Sağlamlıq Kompleksinin stadionunda siyasi və sosial tələblərlə izdihamlı mitinq keçirib. Bu mitinqdən sonra Bakı Şəhər İcra Hakimiyyəti heç bir təşkilata orada, eləcə də paytaxtın başqa məkanlarında aksiya keçirmək icazəsi verməyib.
Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.
Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Paytaxt rəhbərliyi Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təklifdən imtina edən Milli Şura oktyabrın 8-i Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket və yürüş keçirib.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində də Milli Şura “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park variantlarında israr edib.
Yenə Lökbatan ünvan göstəriləndə Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.
Oktyabrın 19-da polis “28 May” stansiyası qarşısında toplaşmağa imkan vermədiyi üçün aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında toplanıb müxtəlif şüarlar səsləndiriblər.
Aksiyadan əvvəl və aksiya günü tutulan 31 şəxsə inzibati həbs cəzaları verilib.
19 oktyabr aksiyasında tutulan Əli Kərimli həmin gün ona işgəncə verildiyini bəyan edib. AXCP sədrinin sözlərinə görə, kobudluqla saxlanıb avtobusa salınan kimi onu döşəməyə yıxıb qoluna qandal vurublar və döyərək işgəncəyə məruz qoyublar. Əli Kərimli kameraya çəkilən döymə əməliyyatında altı-yeddi nəfər polisin iştirak etdiyini, ondan siyasi mübarizədən əl çəkməyin tələb olunduğunu vurğulayıb.
Partiya lideri deyib ki, Xətai Rayon Polis İdarəsinə aparılaraq orada da bir müddət döyülüb, ancaq idarə əməkdaşlarına təhvil veriləndən sonra işgəncələr bitib.
Vəziyyəti ağır olduğundan Əli Kərimlini müayinə üçün Daxili İşlər Nazirliyinin Mərkəzi Hospitalına aparıblar. AXCP sədrinin alın nahiyəsinə tikiş qoyulub.
Milli Şura noyabrın 2-nə təyin etdiyi aksiya üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciətində iki yerdən birini istəyib: metronun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu. Bakı Şəhər İcra Hakimiyyəti mitinqi Lökbatan qəsəbəsində keçirməyi məsləhət görüb, Milli Şura bundan imtina edərək aksiyanın “28 May” metro stansiyasının ətrafında olacağını açıqlayıb. Ancaq oktyabrın 31-i axşam mitinq ləğv edilib.
2 noyabr ərəfəsində tutulan 4 AXCP üzvünə 30 sutka inzibati cəzası həbs verilib.
Noyabrın 4-də özünün “Facebook” səhifəsində ictimaiyyətə səslənən Əli Kərimli qeyd edir ki, hazırda Milli Şuranın razılaşdırılmış mitinq potensialı hətta 19 yanvar ərəfəsində olduğundan çoxdur: “Bu o deməkdir ki, məsələn, bir-iki həftə sonra yenidən Yasamal rayonundakı stadionda razılaşdırılmış mitinq imkanımız olsa, 19 yanvarda olduğundan da xeyli sayda çox insanın iştirakı ilə mitinq keçirilə bilər. Ancaq hökumətin hazırda həmin stadionda mitinqlərə razılaşacağı gözlənmir. Odur ki, nəzəri cəhətdən yalnız 19 oktyabr mitinqinin təkrarlanmasından söhbət gedə bilər. Həmin mitinqi, hətta bəlkə bir az daha kütləvi, təkrar edə bilərik. Ancaq hesab edirik ki, 19 oktyabr mitinqi artıq öz işini görüb, ölkədə yeni qüvvələr nisbəti yaradıb və Azərbaycanda sərbəst toplaşmaq azadlığını və polis zorakılığını dünyanın diqqətinə gətirib. Odur ki, əlavə itkilər hesabına 19 oktyabrı yenidən təkrarlamağı hələlik zəruri saymırıq.
Müxalifətin 19 yanvar və 19 oktyabr mitinqlərində nümayiş olunmuş gücü əvvəlki illərlə müqayisədə xeyli çox olsa da, ölkədə yeni bir dövr başlatsa da, hələlik ölkədə köklü dəyişikliyi labüd edəcək qədər deyil. Daha güclü, daha kütləvi olmalıyıq. İndi hədəfimiz 19 yanvar və 19 oktyabrda olduğundan da böyük gücə çevrilməkdir. Əsas güc mənbəyimiz rejimdən birmənalı narazı olan xalqımızdır. Sayı milyonlarla hesablanan narazı vətəndaşlarımızın azı 100 min nəfərini köklü demokratik dəyişikliklər uğrunda dinc mübarizəyə cəlb edə bilmək əsas hədəfimiz olmalıdır. Hazırda Milli Şura və AXCP strukturlarında məhz bu yeni hədəfə necə nail olmaq müzakirə mövzusudur”.
Milli azadlıq hərəkatının öncül şəxslərindən olan 1965-ci il təvəllüdlü Əli Kərimli Xalq Cəbhəsinin hakimiyyəti zamanı (1992-1993) əvvəl Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, sonra dövlət katibi postlarını tutub.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.