Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini öz üzərinə götürüb. Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva noyabrın 5-də “Turan” agentliyinə belə deyib.
Oqtay Gülalıyev müxalif görüşləri ilə tanınır. Demokratik Qüvvələrin Milli Şurasının üzvü, Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.
2019-cu il oktyabrın 29-u axşam Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.
Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. O, hazırda burada müalicə olunur, koma vəziyyətindədir.
Oqtay Gülalıyevdə beyin əzilməsi baş verib, beyin qişalarında əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı) əmələ gəlib. Əməliyyat zamanı hematoma çıxarılıb, amma beyin ödəmi qalır.
Noyabrın 5-də “Turan”a danışan Firuzə Gülalıyeva bildirib ki, ona Heydər Əliyev Fondundan zəng edib Oqtayın vəziyyəti ilə maraqlanıblar və problemlərini soruşublar: “Mən dedim yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var. Fond nümayəndələri bildirdilər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub, onlar elə bu gün Bakıya gələcəklər”.
Heydər Əliyev Fonduna Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva rəhbərlik edir.
Oqtay Gülalıyevin vəziyyəti necədir?
Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?
Oqtay Gülalıyev reanimasiya şöbəsindədir