“Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır”. Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla noyabrın 4-də keçirdiyi görüşdə belə deyib.
AZƏRTAC-ın məlumatına görə, paytaxt rəhbəri dövlət başçısına nümunəvi həyətlərin qurulması, lift təsərrüfatının yenilənməsi, dam örtüklərinin təzələnməsi işlərindən danışıb: “Bakı Şəhər İcra Hakimiyyətinin və rayon icra hakimiyyətlərinin balansında 11 min yaşayış binası var. Həyətləri olan binaların sayı 6331-dir. 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıb. Bakı şəhərində yeni bir format – məhəllələrarası parklar formatı tətbiq olunur. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıb.
İlin axırınadək daha 15 yeni nümunəvi məhəllə istifadəyə veriləcək. Bizim hesablamalarımıza görə, yaxın illərdə 743 bu cür layihə icra etmək mümkündür”.
Eldar Əzizov qeyd edib ki, Bakı şəhərinin lift təsərrüfatını inkişaf etdirmək üçün Almaniyanın “Wittur” şirkəti ilə danışıqlar aparılıb, müqavilə bağlanıb və 430 lift gətirilib: “Onlardan 130-u istifadəyə verilib. Bu proses davam etdirilir. 542 liftin alınması nəzərdə tutulmuşdu. Biz şirkətlə danışıqlar apardıq və vəsaitə qənaət yarandı. Bu qənaət hesabına ilin axırınadək əlavə 39 lift almaq niyyətindəyik. İlin axırınadək 581 lift quraşdırılacaq. Amma yaxın illər üçün 2500-ə qədər lift mərhələ-mərhələ dəyişdirilməlidir”.
İcra başçısı dam örtüklərinin təmiri haqda bunları deyib: “Şəhərdə 380 binanın dam örtüyünü təmir etmək nəzərdə tutulub. Biz inşaat materiallarını mərkəzləşdirilmiş qaydada alandan sonra danışıqlar apardıq və burada da qənaət yaranıb. 380 deyil, 420 binanın dam örtüyünü təmir edə biləcəyik. Bu gün 150 damda işlər tamamlanıb və proses gedir. Noyabrın ortalarına qədər bu işi qurtarmaq niyyətindəyik”.
İlham Əliyev tikintilərlə bağlı məsələlərə toxunub: “Bəzi hallarda tikinti üçün yerlər zəbt olunur, bəzi hallarda sərəncamlar qanunsuz verilir, ağaclar qırılır. Vətəndaşlar sağ olsunlar ki, bir çox hallarda belə vəziyyətlə üzləşdikdə müvafiq orqanlara məlumat verirlər. Yəni bu, ictimai nəzarətin mövcudluğu deməkdir. Bundan sonra Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir. Bütün şəhərlərdə bina tikintisi üçün müvafiq əmsallar mövcuddur. Əfsus ki, əvvəlki dövrlərdə bu əmsallar 10 dəfə, bəlkə də artıq götürülürdü. Yəni bütün şəhərsalma qaydaları pozulurdu. Mövcud binaların düz önündə yeni çoxmərtəbəli binalar tikilirdi və bəzi dırnaqarası sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları gün işığından məhrum edirdilər. Bir çox hallarda həyətlərdə evlərin tikintisi baş verirdi. Əvvəlki dövrdə hətta bəzi məktəblərin həyətlərində evlər tikilirdi. Sonra bu məsələyə son qoyuldu. Yəni şəhərsalma qaydaları tətbiq olunmalıdır, burada yerli icra orqanları və Dövlət Arxitektura və Şəhərsalma Komitəsi öz işini yüksək səviyyədə qurmalıdır ki, bütün şəhərsalma normaları təmin edilsin.
Rayon icra hakimiyyətlərindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmalı deyil, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər. Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil. Mənə verilən məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Ona görə biz çox diqqətli olmalıyıq. Əgər vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir.
Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər çoxmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz.
Eyni zamanda şəhərin hər bir yeri abad olmalıdır. Bəzi yerlərdə ümumiyyətlə küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var. Mən Avtomobil Yolları Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu ilk növbədə vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. İlk növbədə şəhər sakinlərinin problemlərini həll etməliyik. Ona görə siz rayon icra hakimiyyətlərinin başçılarını yığın və həm abadlıqla, həm də təsərrüfat işləri ilə bağlı müşavirə keçirin. İlk növbədə xoşagəlməz hallara son qoyulmalıdır. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu onlar üçün hələ ən yüngül cəza olacaq”.
Novator.az bildirir ki, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postunu 2018-ci il noyabrın 15-dən tutur. O, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini postlarında çalışıb.
2000-ci ilin iyun ayından Nizami Rayon İcra Hakimiyyətinin (Bakı) başçısı, 2003-2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, 2015-ci ilin sentyabr ayından Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub.
2018-ci il iyulun 16-da Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunub, həmin vaxtdan başçının səlahiyyətlərini də icra edib.