Yerli özünüidarəetmə məsələləri üzrə ekspert Samir Əliyev bəzi müxalif partiyaların dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakdan imtina qərarını pisləyib. O, partiyaların özlərində güc tapıb seçkilərdə iştirak etməli olduğunu vurğulayıb.
118 seçki dairəsini əhatə edən 23 dekabr seçkilərində 1606 bələdiyyəyə 15156 nəfərin seçilməsi nəzərdə tutulur.
İndiyəcən 10 partiya 23 dekabr seçkilərinə qatılaraq səlahiyyətli nümayəndələrini Mərkəzi Seçki Komissiyasında qeydə aldırıb: Yeni Azərbaycan Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Ümid Partiyası və Ana Vətən Partiyası.
Namizədin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi noyabrın 22-dək davam edəcək. Seçkiqabağı təşviqat noyabrın 30-dan dekabrın 22-dək çəkəcək.
Müsavat Məclisi partiyanın 23 dekabr seçkilərinə qatılmamasına qərar verib. Qərar “bələdiyyələrin səlahiyyətlərinin azlığı, cəmiyyətin bələdiyyə seçkilərinə marağının olmaması və seçkilərin saxtalaşdırılması” ilə əsaslandırılıb.
Əsas müxalif partiyalardan olan AXCP də 23 dekabr seçkilərində iştirak etmir.
Novator.az-ın məlumatına görə, yerli özünüidarəetmə məsələləri üzrə ekspert Samir Əliyev “Facebook” şəbəkəsindəki şərhində yazır ki, bələdiyyələr ölkənin bütün kəndlərini, qəsəbələrini, şəhərlərini əhatə edir: “Bələdiyyədə təmsil olunmaq yerli əhali ilə daim kontaktda olmaq imkanı verir və problemi dərindən öyrənməyə şərait yaradır. Bu gün bələdiyyələrin səlahiyyətsiz qurum olması o demək deyil ki, sabah da elə olacaq. Mərkəzi hökumət əvvəl-axır bir sıra səlahiyyətlərini bələdiyyələrə ötürməli olacaq.
Bələdiyyə qurumunda təmsil olunmaq partiya üzvlərinə, xüsusilə gənclərə idarəetmə biliklərini, o cümlədən əhali ilə işləmək biliklərini və vərdişlərini aşılayır. Ölkədə 1606 bələdiyyə qurumu mövcuddur. Hər bələdiyyədə 1 nümayəndə olması sonda idarəetmə üzrə 1606 kadr yetişdirmək deməkdir.
Partiyanın kadr potensialının artırılmasını, o cümlədən yeni liderlərin formalaşmasının mexanizmlərindən biri də bələdiyyə qurumlarında təmsilçilikdir.
Bələdiyyədə (şəhərlərdə bələdiyyə üzvü, kəndlərdə isə bələdiyyə sədri qismində) təmsilçilik müəyyən maliyyə təminatıdır.
Bələdiyyə qurumunda iştirak həm də hökumətdən əks-mərkəzləşmə islahatları tələb etmək hüququnu və imkanlarını artırır.
Əlbəttə, seçkinin saxtalaşdırılması, bələdiyyələrin səlahiyyətlərinin və buna görə də maliyyəsinin olmaması arqument gətirilə bilər. Ancaq əhali ilə gündəlik təmasda olmağın ən uğurlu yolu məhz bələdiyyə qurumunda təmsil olunmaqdır. Əks-mərkəzləşmə islahatları əvvəl-axır olacaq”.