Müsavat başqanı Arif Hacılı partiyanın noyabrın 10-na təyin etdiyi mitinqdən yazıb.
Partiya 10 noyabr mitinqini Bakıda keçirmək niyyətindədir. Aksiyanın əsas tələblərinin siyasi məhbusların azadlığa buraxılması, repressiyalara son qoyulması, seçki qanunvericiliyində islahatlar olacağı bəyan edilib.
Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə aksiya üçün üç ünvan göstərilib: Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan, metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.
Novator.az-ın məlumatına görə, Müsavat başqanı Arif Hacılı özünün “Facebook” səhifəsində 10 noyabr aksiyası ilə bağlı bunları qeyd edib: “Mitinqlər, yürüşlər keçirmək hüququmuzdur. Etiraz hüququmuz var. Xüsusilə Azərbaycan kimi haqsızlığın ərşə dirəndiyi bir ölkədə etiraz hüququmuzun hüdudu yoxdur.
Lakin hakim zümrə xalqın bu hüququnu tanımaq istəmir. Müsavat üçün isə heç. Bəzən məhdud ərazilərdə, təqib və təzyiq altında aksiyaların keçirilməsinə icazə verilsə də, Müsavat Partiyasına istər ötən il, istər də bu il bir dəfə də olsun mitinq, piket keçirmək imkanı verilməyib. Keçirdiyimiz aksiyalar yalnız qanunsuz ləğv edilmiş aksiyalar olub. Polis həmin aksiyaları dağıdıb.
Bu il dəfələrlə mitinq, piket üçün müraciət etdik. Hər dəfə qadağa qoyuldu. Yenə müraciət etmişik.
Müraciətimiz kompromisdir. Mərkəzi meydanlara yox, ətraf ərazilərdə olan meydanlara, o cümlədən əvvəllər dəfələrlə mitinq keçirilmiş yerə müraciət etmişik.
Bələdiyyə seçkiləri dövrü olduğunu da nəzərə alsaq, mitinqimizin keçirilməsinə heç bir maneə törədilməməlidir”.
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının 2019-cu il yanvarın 12-nə və martın 10-na təyin olunmuş yürüş-mitinqlərinə, 7 aprel mitinqinə imkan verməyib.
Partiya Bakı Şəhər İcra Hakimiyyətinin qarşına təyin olunmuş iki, İranın Azərbaycandakı səfirliyinin qarşısına təyin olunmuş bir piketə də razılıq ala bilməyib.