Novator.az Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) nizamnaməsinə hansı dəyişikliklərin təklif olunmasına nəzər yetirib.
Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılan partiyanın dövlət qeydiyyatı yoxdur. Hökumət qurumları yer ayırmadığı üçün partiyanın təsis qurultayı 2018-ci il aprelin 7-də internetlə keçirilib, nizamnamə, proqram və atributlar qəbul edilib, seçki komissiyası formalaşıb. Aprelin 8-də isə təşkilatın Bakıdakı ofisində gizli səsvermə yolu ilə partiyanın sədri, Məclisin sərbəst üzvləri, Nəzarət-Təftiş Komissiyası seçilib.
Sədr postunu o zaman həbsdə olan İlqar Məmmədov tutub.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 2018-ci il avqustun 13-dək həbsdə yatıb.
REAL Partiyanın yerli təşkilatları müxtəlif rayonları birləşdirən el məclisləridir.
Partiya Məclisinin 2019-cu il noyabrın 3-də keçirilən iclasında növbədənkənar qurultaya qərar verilib, İdarə Heyətinin 5 üzvündən ibarət təşkilat komitəsi yaradılıb.
Növbədənkənar qurultay sədr İlqar Məmmədovun təklifidir, o, partiyanın strukturunu yeniləmək, bunun üçün nizamnaməni dəyişmək təşəbbüsü irəli sürüb.
İlqar Məmmədov özünün “Facebook” səhifəsində yenilik təşəbbüsünü belə əsaslandırıb: “Partiyalar adətən iki tipə ayrılır: fraksiya partiyası və kütləvi partiya. Kütləvi partiya yüksək intizam əsasında qurulur, fraksiya partiyası isə seçki vaxtı nisbətən kütləviləşib, intizamlaşıb uğur qazanır, qalan vaxtlar isə minimal təşkilati fəaliyyət göstərir.
REAL kütləvi partiya strukturu qurub fraksiya partiyasına aid tərzdə ictimai davranış göstərir. Bu ziddiyyət aradan qaldırılmalıdır. Mən şəxsən daha çox fraksiya tipli partiya quruluşunun tərəfdarıyam. Təşkilati intizam və kütləvilik seçkiyə yaxın vaxtda artırılmalı, qalan vaxtlarda isə üzvlərə və aparıcı simalara geniş sərbəstlik verilməlidir.
Sədrin qurultayda seçilməsi də, məncə, mübahisəli qərardır. Əvəzində sədr partiyanın ən yüksək idarəetmə qurumunda seçilərsə, göstərəcəyi liderlik daha çevik olar və bu, fraksiya tipli partiyanın quruluşuna uyğun gələr, sədri dəyişmək üçün yeni qurultaya ehtiyac qalmaz”.
İlqar Məmmədov qeyd edir ki, 2020-ci ilin parlament seçkisi ərəfəsində partiyanın dövlət qeydiyyatına alınması önəmlidir: “Rəsmən təsis qurultayı keçirilməli, sənədlər Ədliyyə Nazirliyinə göndərilməlidir.
Partiyanın yerli təşkilatları seçki dairələri əsasında qurulmalıdır. İdarə Heyəti, Məclis, Nəzarət-Təftiş Komissiyası əvəzində parlament tipli qurum – şərti adını hələlik Siyasi Komitə qoyaq – yaradılmalıdır. Siyasi Komitə ən azı 10-15, ən çoxu 125 nəfərdən ibarət ola bilər. Qurultayda seçilməli olan bu qurumun seçki dönəmində öz qərarı ilə sayca genişlənməsi, başqa dönəmlərdə daralması mümkündür.
Partiya sədrini qurultay deyil, Siyasi Komitə seçməlidir ki, avtoritarizm meyli yaranmasın, yəni sədr özünü seçkili qurumdan üstün hiss etməsin”.
İlqar Məmmədov qurultaya hazırlıq işlərini 2019-cu ilin sonunadək tamamlamağa çağırıb: “Parlament seçkisi ilinə hazır yeni strukturla və bacarıqlarını gündəlik gücləndirən heyətlə daxil olmalıyıq”.