Prezident İlham Əliyev oktyabrın 31-i Bakının Yasamal rayonundakı Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezidentə deyib ki, 2,4 kilometr uzunluğunda olan Şəfayət Mehdiyev küçəsinin 800 metrlik hissəsi tam yenidən qurulub: “İndi 18 metr enində 4 cərgəli avtomobil yoludur. Əvvəllər Cavid prospekti ilə gələn avtomobillər Cavid parkının ətrafını dolanıb Tbilisi prospektinə gedirdilər. İndi həmin nəqliyyat vasitələri birbaşa Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinə çıxacaq.
Tıxaclar tam aradan qalxıb. Bu yol olmayanda bütün avtomobil axını metronun “Elmlər Akademiyası” stansiyasının qarşısından keçirdi. Pik saatlarda burada tıxaclar yaranırdı. Artıq bu hissədən axın götürüləcək. İndi tam 4 cərgəli yoldur. Həm də Tbilisi prospekti ilə birbaşa əlaqələndirilir”.
Saleh Məmmədov əlavə edib ki, 2019-cu ilin investisiya proqramlarında nəzərdə tutulan, həmçinin büdcə fondundan ayrılan vəsait hesabına Bakıda və qəsəbələrində bir neçə yol tam çəkilib və istismara hazırdır: “Bu yollardan biri Xocasən-Lökbatan yoludur. Başlanğıcını “Sədərək” Ticarət Mərkəzindən götürür və Bakı-Şamaxı yolunun 9,5-ci kilometrliyinədək, “Koka-Kola” deyilən dairəyədək uzanır. Bu yol da indi tam hazırdır. Tam 4 cərgəli yoldur.
Sabunçu rayonunun Bakıxanov stansiyasından Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə gedən 5,4 kilometrlik yolu bu il təmir etmişik, istismara tam hazırdır.
Azadlıq prospektindən yeni avtovağzala qədər olan yolun 6 kilometrlik hissəsi genişləndirilib. Ensiz bir yol idi, qovşaqlar yaradıldı, yeni avtovağzal Binəqədi şosesi ilə birləşdirildi.
Əhmədli qəsəbəsində, Zığ şosesindən Neapol dairəsinədək olan küçə də ikigedişli idi. Uzunluğu 3,2 kilometr olan bu yolu 4 cərgəli etmişik, istismara tam hazırdır”.
Prezident Bakının bütün küçələrinin ən yüksək standartlara cavab verməli olduğunu vurğulayıb: “Harada problemli yerlər var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları da təmir edəcəyik”.
Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olduğunu qeyd edən dövlət başçısı Saleh Məmmədova həmin yolun genişləndirilməsi üçün layihə hazırlamağı tapşırıb: “Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq. Bir də mən sizə göstəriş vermişdim ki, qəsəbədaxili yollar, Bakı ətrafındakı qəsəbələrin yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır”.