Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzi oktyabrın 31-i axşam qurumun sədri Cəmil Həsənlinin müraciətini nəzərə alaraq Bakıda keçirilməsi nəzərdə 2 noyabr mitinqini ləğv edib. Qərara AXCP rəhbərliyi də tərəfdar çıxıb.
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinə müraciətində aksiya üçün iki yerdən birini istəmişdi: metronun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu. Bakı Şəhər İcra Hakimiyyəti mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görmüş, Milli Şura bundan imtina edərək aksiyanın “28 May” metro stansiyasının ətrafında olacağını açıqlamışdı. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəsmi xəbərdarlığında qeyd olunmuşdu ki, Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda toplantı təşkil ediləcəyi təqdirdə sərt tədbirlər görüləcək.
Oktyabrın 31-də Milli Şuranın sədri, tarix elmləri doktoru Cəmil Həsənli elmi ezamiyyətə getdiyi Vaşinqtondan açıqlama yayaraq hakimiyyətin muzdlu dəstələr yaradaraq həmin qrupları noyabrın 2-də xalqla üz-üzə qoymağa, təxribat törətməyə hazırlaşdığını qeyd edib. Milli Şuranın Koordinasiya Mərkəzini və AXCP rəhbərliyini 2 noyabr mitinqi təxirə salmağa çağıran Cəmil Həsənli təklifini belə əsaslandırıb: “Hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək. Azərbaycanda sərbəst toplaşma azadlığının olmaması və polis zorakılığı bütün dünyanın gündəminə qayıdıb. Həm vaxt vermək, həm də tələb etmək, məqsədyönlü iş aparmaq lazımdır ki, Avropa İttifaqı, ABŞ, Avropa Şurası Azərbaycan hakimiyyəti ilə beynəlxalq öhdəliklərini yerinə yetirməklə bağlı ciddi danışıqlar aparsın. Milli Şura və AXCP rəhbərliyi onsuz da sübut edib ki, hətta ən ağır repressiyalar şəraitində də mitinqlər, aksiyalar edə bilirik. Ölkənin etirazçı elektoratı Milli Şuraya inanır. Biz kifayət qədər güclü olduğumuz üçün həm də manevrlər edə bilərik, rəqibin zərbəsindən yayınıb gələcək mübarizə üçün daha da güclənə bilərik. Qəti əminəm ki, 2 noyabr mitinqini bir müddət təxirə salsaq, xalqımızla və beynəlxalq aləmlə işi gücləndirsək, bir müddətdən sonra meydanlara daha möhtəşəm şəkildə qayıdacağıq”.
Milli Şura 2013-cü ildə yaradılıb. 1952-ci il təvəllüdlü Cəmil Həsənli 2013-cü ildə Milli Şuranın namizədi kimi prezident seçkisində iştirak edib.
Milli Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, onun müavinləri Vahid Məhərrəmli, Gözəl Bayramlı, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, ssenarist, kinodramaturq Eldəniz Quliyev və başqaları təmsil olunur.
2013-cü ildən Bakıda mitinqlər üçün Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu ayrılıb. Milli Şuranın 19 yanvar 2019-cu il mitinqindən sonra Bakı Şəhər İcra Hakimiyyəti heç bir təşkilata orada, eləcə də paytaxtın başqa məkanlarında aksiya keçirmək icazəsi verməyib.
Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.
Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Paytaxt rəhbərliyi Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təklifdən imtina edən Milli Şura oktyabrın 8-i Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket və yürüş keçirib.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində də Milli Şura “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park variantlarında israr edib.
Yenə Lökbatan ünvan göstəriləndə Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.
Oktyabrın 19-da polis “28 May” stansiyası qarşısında toplaşmağa imkan vermədiyi üçün aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında toplanıb müxtəlif şüarlar səsləndiriblər.
Aksiyadan əvvəl və aksiya günü tutulan 31 şəxsə inzibati həbs cəzaları verilib.