AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı oktyabrın 31-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Demokratik Qüvvələrin Milli Şurası noyabrın 2-si Bakıda, metronun “28 May” stansiyası ətrafında sanksiyasız aksiya keçirmək niyyətində idi. Oktyabrın 31-də Milli Şuranın Koordinasiya Mərkəzi qurumun sədri Cəmil Həsənlinin müraciətini nəzərə alaraq 2 noyabr mitinqini ləğv edib. Qərara AXCP rəhbərliyi də tərəfdar çıxıb.
Sonradan ləğv olunan aksiya ərəfəsində Fuad Qəhrəmanlı və daha dörd nəfər tutulub.
Oktyabrın 29-da tutulan AXCP fəalı Emin Manıyevə, oktyabrın 30-da tutulan AXCP Suraxanı rayon şöbəsi sədrinin müavini Aydın İsayevə, AXCP fəalı Cavid İbrahimova 30 sutka inzibati həbs verilib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədrinin müavini Vahid Məhərrəmli oktyabrın 30-da tutulub, Yasamal Rayon Məhkəməsinin qərarı ilə 100 manat cərimələnib.
Novator.az bildirir ki, Milli Şuranın oktyabrın 19-u paytaxtda keçirdiyi sanksiyasız aksiyadan qabaq və həmin gün tutulan bəzi şəxslər hələ də həbsdədir.
Aksiyadan əvvəlki günlərdə tutulan İlham Hüseyn (AXCP) 60 sutka, Seymur Həzi, Nicat Nizamov, Əliağa Məmmədov, Saqif Qurbanov, Emil Səlimov, Abdulla Mahmudov (hamısı AXCP) 30 sutka, Ramid Nağıyev (AXCP) 20 sutka, Baha Mikayılov (Müsavat), Orxan Səlimzadə (AXCP) 15 sutka cəza alıblar.
Aksiya günü tutulanlardan bu şəxslər həbsdədir: Tofiq Yaqublu (Müsavat), Rüfət Səfərov (bitərəf), Baba Süleymanov (AXCP) – 30 sutka, Cabbar Savalanlı (AXCP) – 20 sutka, Rəşad Qədirov, Bəxtiyar Yusubov, Rəşad Həsənov (hamısı AXCP) – 15 sutka.
Fuad Qəhrəmanlının üstündə cinayət işi də var. Onun Niderlandda ali təhsil alan qızı Selcan bu il sentyabrın 19-u “Facebook” səhifəsində yaydığı açıqlamasında atasının çoxdandır ailədə qəddar davrandığını, anasına, ona və bacısı Sənaya fiziki təzyiq göstərdiyini bildirib. Daha sonra Fuad Qəhrəmanlının həyat yoldaşı, yazıçı-publisist Zümrüd Yağmurun boşanmaq üçün məhkəməyə üz tutduğu xəbəri yayılıb.
Sentyabrın 20-də Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verib.
Baş Prokurorluğun oktyabrın 16-da yaydığı açıqlamaya görə, Fuad Qəhrəmanlının qızları Sənay və Selcana, eləcə də yoldaşı Zümrüdə qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə məlumatlar araşdırılıb, ona Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi qaldırıb, istintaq Abşeron Rayon Prokurorluğuna həvalə edilib.
1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü olan Fuad Qəhrəmanlı 2000-ci ildən AXCP Ali Məclisində, 2003-cü ildən Ali Məclisin Rəyasət Heyətində təmsil edilib, 2009-cu ildə AXCP sədrinin müavini postuna təyinat alıb.
1975-ci il təvəllüdlü Fuad Qəhrəmanlı 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 2 ay həbsdə yatıb.
Fuad Qəhrəmanlı 2011-ci ildə müxalifətin razılaşdırılmamış mitinqinə görə 2 il şərti həbs cəzasına məhkum edilib.
2015-ci ildə Fuad Qəhrəmanlı yenidən tutulub, dövlət əleyhinə yönələn açıq çağırışlarda, zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlarda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
2019-cu il martın 17-də əfv sərəncamı əsasında azadlığa buraxılıb.