Konstitusiya Məhkəməsinin Plenumu Respublika Prokurorluğunun sorğusu əsasında Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrini şərh edib. Rəsmi açıqlamaya əsasən, Respublika Prokurorluğu sorğunu onunla əsaslandırıb ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrində şübhəli və ya təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkməsi göstərilsə də, bu əməlin Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət məsuliyyəti yaratması müəyyən deyil: “Cinayət-Prosessual Məcəlləsinin 91.4-cü maddəsinə görə, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməklə yanaşı onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir.
Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə şübhəli və ya təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz.
Cinayət Məcəlləsinin 296 və 297-ci maddələrində “bilə-bilə yalan xəbərçilik etmə” və “bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Məcəllənin 296-cı maddəsindən fərqli olaraq 297-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin subyekti şahid, zərərçəkmiş şəxs, ekspert və ya tərcüməçi kimi müəyyən edilib, şübhəli və ya təqsirləndirilən şəxsin isə cinayətin subyekti olması istisna edilib.
Sorğu verən hüquq tətbiqi təcrübəsində yaranan boşluğun aradan qaldırılması məqsədi ilə Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrində nəzərdə tutulmuş şübhəli və ya təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkməsinə görə Cinayət Məcəlləsinin hansı normasına əsasən cinayət məsuliyyətinə cəlb edilməsinə, eləcə də bunun hansı qaydada həyata keçirilməsinə aydınlıq gətirilməsini xahiş edib”.
Novator.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsinin Plenumu məsələni araşdıraraq bunları qərar alıb:
– Azərbaycan Konstitusiyasının 26-cı maddəsinin I hissəsinin və Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin tələblərinə müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə ifadə verməmək, yaxud digər şəxslərin hüquqlarını pozmadan qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir.
– Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin “Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə” müddəası şübhəli və ya təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin cinayətdə iştirakı barədə bilə-bilə yalan məlumatlar verməsini nəzərdə tutur. Belə hərəkət özünümüdafiənin qanuni üsulu kimi qəbul edilə bilməz və bu əməl Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə bilə-bilə yalan xəbərçilik etmə cinayətinə görə məsuliyyət yaradır.
– Cinayət-Prosessual Məcəlləsinin 204.3-cü maddəsinə uyğun olaraq törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şübhəli və ya təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir.