Prezident icra başçılarına xəbərdarlıq etdi
- 31 Oktyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Oktyabrın 31-də prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin, Elnur Rzayevi isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.
Həmin gün ölkə prezidenti hər iki şəxslə görüşüb.
Qəbulda prezident İlham Əliyev deyib ki, bütün xoşagəlməz hallara son qoyulmalı, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır: “Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər.
Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır.
Rayonların abadlıq-quruculuq işlərinə diqqət yetirilməlidir, mövcud obyektlərin işlək vəziyyətdə olması da çox önəmlidir. Mənə verilən məlumatlara görə, bir neçə rayonda mənim iştirakımla açılmış Gənclər Mərkəzi indi bağlıdır, qapıya qıfıl vurulub və sadəcə olaraq görüntü naminə fəaliyyət göstərir. Bu, dözülməzdir, buna vəsait xərclənib. Gənclər mərkəzlərində gənclər öz asudə vaxtlarını keçirməlidirlər, orada maraqlı tədbirlər, intellektual oyunlar, vətənpərvərliklə bağlı tədbirlər təşkil olunmalıdır. Bu mərkəzlər tikilir, bir çox hallarda istifadə olunmur. Heydər Əliyev mərkəzləri demək olar ki, hər bir rayon mərkəzində var. Nədir bu mərkəzlərin məqsədi? Odur ki, o mərkəzlərə vətəndaşlar gəlib öz asudə vaxtlarını keçirsinlər, o mərkəzlərdə dərnəklər fəaliyyət göstərməlidir, o mərkəzlərdə sərgilər keçirilməlidir. O mərkəzlər rayonun mədəni həyatının ayrılmaz hissəsi olmalıdır. Ancaq mənə verilən məlumata görə, bəzi hallarda açılışdan sonra yenə də qapıları qıfıllanır və faktiki olaraq bu mərkəzlər işləmir. Siz bu məsələ ilə çox ciddi məşğul olun”.
Dövlət başçısı yeni icra başçılarına rayonlarda ictimai nəzarətin gücləndirilməsini də tapşırıb: “Buna nail olmaq üçün müvafiq təkliflər hazırlayın. İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər. Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik. Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları yalan məlumatlar ötürür. Özlərini göstərmək, yaxud da nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır.
Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o gün televizorda baxıram ki, məktəb binasının yarısı uçub, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçib, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir.
Siz gəncsiniz, birinizin 37, digərinizin 38 yaşı var. İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik.
Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanları dövlət də qiymətləndirir və biz kampaniyaya yol verməyəcəyik. Eyni zamanda, təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır. Siz indi mənim təyin etdiyim kadrlar kimi, elə işləməlisiniz ki, həm Yevlax camaatı, həm Xaçmaz camaatı minnətdarlıq bildirsin. Əgər siz bu etimadı doğrultmasanız mən sizi işdən çıxaracam və cəzalandıracam”.
Novator.az bildirir ki, Elnur Şahbaz oğlu Rzayev 1980-ci ildə Ermənistanda anadan olub.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, 2002-ci ildə magistr dərəcəsinə, 2013-cü ildə Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib.
2004-2009-cu illərdə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi işləyib.
2009-2013-cü illərdə Daşkəsən Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. Sonra 2015-ci ilin dekabrınadək Gəncədə “Asan xidmət”ə rəhbərlik edib.
2015-ci ilin dekabrından 2019-cu il oktyabrın 31-dək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
Anar Aqil oğlu Tağıyev 1981-ci ildə Bakıda doğulub. 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə Moskva Dövlət Vilayət Universitetini bitirib.
“Eurostyle” şirkətində hüquqşünas, Bakı Dərin Özüllər Zavodunun birgə layihələr şöbəsində mühəndis, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsində məsləhətçi işləyib.
2008-2010-cu illərdə Nəsimi Rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin, 2010-2011-ci illərdə ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 2011-ci ildən 2019-cu il oktyabrın 31-dək Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini olub.