Böyük Britaniya parlamentinin yuxarı palatası – Lordlar Palatası növbədənkənar seçki barədə qanun layihəsinə səs verib. Novator.az-ın məlumatına görə, səsvermə oktyabrın 30-da keçirilib, layihənin təsdiq üçün kraliçaya göndəriləcəyi açıqlanıb. Sənəd kraliçanın imzasından sonra qüvvəyə minəcək.
2016-cı il iyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasına dair referendum keçirilib. Referenduma qatılanların çoxu ölkənin Avropa İttifaqından çıxmasına səs verib. Avropa İttifaqında qalmaq tərəfdarı olan baş nazir Devid Kemeron istefaya gedib. İyulun 13-də Tereza Mey baş nazir postuna təyin edilib. 2017-ci il iyunun 8-də keçirilmiş növbədənkənar parlament seçkisindən sonra Tereza Meyin Mühafizəkarlar Partiyası yenidən hökumət qurub.
2019-cu ilin iyun ayında Tereza Mey Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib, baş nazir kürsüsündən ayrılıb. Bunun ardınca Boris Conson Mühafizəkarlar Partiyasının lideri seçilib və baş nazirliyə başlayıb.
1957-ci ildə yaradılmış Avropa İttifaqının Böyük Britaniyadan başqa 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Böyük Britaniya Avropa İttifaqından bu ilin martında ayrılmalı idi. Sonra müddət oktyabrın sonunadək uzadılıb, bu ay isə məsələnin 2020-ci il yanvarın 31-nə qaldığı açıqlanıb.
Avropa İttifaqından çıxmaq müddətinin dəyişməsini əsas götürən Boris Conson növbədənkənar parlament seçkisi təşəbbüsü ilə çıxış edib. Oktyabrın 29-da parlamentin aşağı palatası – İcmalar Palatası həmin layihəni dəstəkləyib. Qanuna əsasən, noyabrın 6-da aşağı palata buraxılır və dekabrın 12-də yeni seçki keçirilir.
650 yerlik İcmalar Palatasında Mühafizəkarlar Partiyası ilə yanaşı Leyboristlər Partiyası, Şotland Milli Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Birlik Partiyası və başqa partiyalar da təmsil olunur.