“Oqtay koma vəziyyətindədir, ağır durumda qalır”. Beyin əməliyyatı keçirmiş hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva oktyabrın 31-də “Azadlıq” radiosuna belə deyib.
Oktyabrın 29-u axşam Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Oqtay Gülalıyev dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb. Başından xəsarət alan Oqtay Gülalıyevin beyninə qan sızdığı açıqlanıb.
Oqtay Gülalıyev oktyabrın 30-da “City Hospital” xəstəxanasında başından əməliyyat olunub, hazırda reanimasiya şöbəsindədir.
Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva “Azadlıq” radiosuna deyib ki, əməliyyat bir xeyli gecikdirilib: “Oqtay hələ oktyabrın 29-u yol qəzasından sonra 1 saylı Şəhər Kliniki Tibb Mərkəzinə gətiriləndə koma vəziyyətində olub. Növbətçi həkimdən hər iki saatdan bir məlumat aldıqda deyirdi ki, Oqtayın hissiyyatı yoxdur, sol tərəfi işləmir.
Əməliyyat daha tez keçirilməli idi. Biz Oqtayı “City Hospital”a gətirdik ki, vəziyyətinin yaxşılaşmasına müdaxilə sürətlənsin. Amma əksinə, özəl klinikada əməliyyata çox gec götürdülər.
Həkimlər koma vəziyyətinin 3 gündən 15 günə kimi çəkə biləcəyini deyirlər. Onların sözlərinə görə, ən aşağısı bir ay Oqtayda hissiyyat olmayacaq, yəni yemək, qida qəbul edə bilməyəcək, insanları tanıya bilməsi kimi problem yaşayacaq. Hələ ki, Oqtay reanimasiyayadır”.
Səhiyyə Nazirliyinin oktyabrın 31-də yaydığı açıqlamada isə “City Hospital”a istinadla qeyd edilir ki, Oqtay Gülalıyevin vəziyyəti hazırda ağır stabil, keçirdiyi əməliyyata uyğundur, müalicəsi reanimasiya şöbəsində davam edir.
Oqtay Gülalıyev indiki Dövlət İdarəçilik Akademiyasının məzunudur. Müxalif görüşləri ilə tanınır. Demokratik Qüvvələrin Milli Şurasının üzvü, Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.
Gündüz saatlarında Oqtay Gülalıyevin oğlu Təbrizin “Facebook”da yaydığı məlumata görə, oktyabrın 31-də atası yenidən kompüter tomoqrafiyasından keçirilib, bildirilib ki, beyinə qansızma dayanıb və vəziyyəti sabitləşməyə doğru gedir.
Oqtay Gülalıyevin vəziyyəti necədir?