Daxili İşlər Nazirliyi və Baş Prokurorluq 2 noyabr aksiyası ilə bağlı xəbərdarlıq yayıb.
Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək noyabrın 2-si saat 15-dən 17-dək paytaxtda mitinq keçirmək istədiyini bildirib. Aksiya üçün iki yerdən biri istənib: metronun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.
Bakı Şəhər İcra Hakimiyyəti mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Milli Şuranın liderlərindən olan AXCP sədri Əli Kərimli isə bəyan edib ki, aksiya “28 May” metro stansiyasının ətrafında keçiriləcək.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun 30 oktyabr xəbərdarlığında qeyd olunur ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağandır. Milli Şuraya və Azərbaycan Xalq Cəbhəsi Partiyasına xəbərdarlıq edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda toplantı təşkil ediləcəyi təqdirdə bütün məsuliyyət onların üzərinə düşəcək: “Eyni zamanda qanunvericiliyin pozulmasına görə “Siyasi partiyalar haqqında” qanunun 4-cü, 12-ci və 16-cı maddələrinə uyğun tədbirlərin görülməsi, hüquqazidd əməllər törətmiş şəxslərin Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məsuliyyətə cəlb olunması təmin ediləcək”.
2013-cü ildən Bakıda mitinqlər üçün Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu ayrılıb. Milli Şuranın 19 yanvar 2019-cu il mitinqindən sonra Bakı Şəhər İcra Hakimiyyəti heç bir təşkilata orada, eləcə də paytaxtın başqa məkanlarında aksiya keçirmək icazəsi verməyib.
Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.
Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Paytaxt rəhbərliyi Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təklifdən imtina edən Milli Şura oktyabrın 8-i Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket və yürüş keçirib.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində də Milli Şura “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park variantlarında israr edib.
Yenə Lökbatan ünvan göstəriləndə Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.
Oktyabrın 19-da polis “28 May” stansiyası qarşısında toplaşmağa imkan vermədiyi üçün aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında toplanıb müxtəlif şüarlar səsləndiriblər.
Aksiyadan əvvəl və aksiya günü tutulan 31 şəxsə inzibati həbs cəzaları verilib.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Qurumun fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, onun müavinləri Vahid Məhərrəmli, Gözəl Bayramlı, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları yer alır.