Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının 2 noyabr mitinqi ilə bağlı müraciətinə cavab verib. Mitinqin saat 15-dən 17-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilməsi məsləhət görülüb.
Novator.az bildirir ki, Milli Şura aksiya üçün Bakı Şəhər İcra Hakimiyyətindən iki yerdən birini istəmişdi: metronun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.
Oktyabrın 30-da – Bakı Şəhər İcra Hakimiyyətinin 2 noyabr mitinqi ilə bağlı cavabı bəlli olandan az sonra AXCP sədri Əli Kərimli “Facebook” şəbəkəsində bəyan edib ki, aksiya “28 May” metro stansiyasının ətrafında keçiriləcək: “Yenə də konstitusiyanı pozdular. Mitinqi Lökbatanda keçirməyi təklif ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin yerini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Milli Şura olaraq əvvəlcədən bəyan etmişdik ki, ya kompromis olaraq “Məhsul” stadionunda mitinqə razılıq verərlər, ya da mitinqi xəbərdar etdiyimiz kimi şəhərin mərkəzində – metronun “28 May” stansiyası ətrafında keçirəcəyik. Beləliklə, Milli Şuranın mitinqi noyabrın 2-si saat 15-də şəhərin mərkəzində – “28 May” stansiyasının ətrafında keçiriləcək. Hökumət mətbuatının təxribatlarına heç kim uymasın. Mitinq istisnasız olaraq dinc keçirilməlidir. Zorakılıq və qanun pozuntusu edənləri hamılıqla çəkib ictimailəşdirin. Xalqımız öz taleyinə sahib çıxmalıdır!”
2013-cü ildən Bakıda mitinqlər üçün Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu ayrılıb. Milli Şuranın 19 yanvar 2019-cu il mitinqindən sonra Bakı Şəhər İcra Hakimiyyəti heç bir təşkilata orada, eləcə də paytaxtın başqa məkanlarında aksiya keçirmək icazəsi verməyib.
Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.
Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Paytaxt rəhbərliyi Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təklifdən imtina edən Milli Şura oktyabrın 8-i Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket və yürüş keçirib.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində də Milli Şura “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park variantlarında israr edib.
Yenə Lökbatan ünvan göstəriləndə Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.
Oktyabrın 19-da polis “28 May” stansiyası qarşısında toplaşmağa imkan vermədiyi üçün aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında toplanıb müxtəlif şüarlar səsləndiriblər.
Aksiyadan əvvəl və aksiya günü tutulan 31 şəxsə inzibati həbs cəzaları verilib. Onların 17-si hələ də həbsdədir.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Qurumun fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, onun müavinləri Vahid Məhərrəmli, Gözəl Bayramlı, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları yer alır.