Bakı Apellyasiya Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u paytaxtda keçirdiyi sanksiyasız aksiyadan qabaq tutulan AXCP sədrinin müavini Seymur Həzinin və həmin partiyanın üzvü Nicat Nizamovun 15 günlük inzibati həbs cəzalarını 30 günə qaldırıb.
Seymur Həzi 15 sutkalıq cəzanı Xətai Rayon Məhkəməsinin qərarı ilə oktyabrın 17-də, Nicat Nizamov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə oktyabrın 15-də almışdı. Hər iki şəxs xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib. Bakı Apellyasiya Məhkəməsi oktyabrın 29-da cəzaları Xətai Rayon Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsi rəislərinin şikayətləri əsasında artırıb.
Seymur Həzi noyabrın 1-də, Namiq Nizamov oktyabrın 30-da azadlığa çıxmalı idi.
Aksiyadan əvvəlki günlərdə tutulan və hələ də həbsdə olan digər şəxslər bunlardır: İlham Hüseyn (AXCP) – 60 sutka, Əliağa Məmmədov, Saqif Qurbanov, Emil Səlimov, Abdulla Mahmudov (hamısı AXCP) – 30 sutka, Ramid Nağıyev (AXCP) – 20 sutka, Baha Mikayılov (Müsavat), Orxan Səlimzadə (AXCP) – 15 sutka.
Aksiya günü tutulanlardan bu şəxslər həbsdədir: Tofiq Yaqublu (Müsavat), Rüfət Səfərov (bitərəf), Baba Süleymanov (AXCP) – 30 sutka, Cabbar Savalanlı (AXCP) – 20 sutka, Rəşad Qədirov, Bəxtiyar Yusubov, Rəşad Həsənov (hamısı AXCP) – 15 sutka.
İnzibati həbs cəzası alanların bir qismi buraxılıb. Novator.az-ın məlumatına görə, AXCP üzvləri Əlizamin Salayev, Elxan Əliyev, Yalçın Abdullayev, Murad Sultanov 15 sutka, müsavatçı Qoşqar Nuralıyev, AXCP üzvləri Tofiq Məmmədov, Sübhi Həsənov, Abış Astanov, İdrak Şirəliyev, Əlizamin Həsənov, Nicat Abdullayev və Natiq Əfəndiyev 10 sutka, Əliqulu Qəhrəmanov və Şaiq Ələkbərov 5 sutka cəza çəkiblər.
2013-cü ildən Bakıda mitinqlər üçün Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu ayrılıb. Milli Şuranın 19 yanvar 2019-cu il mitinqindən sonra Bakı Şəhər İcra Hakimiyyəti heç bir təşkilata orada, eləcə də paytaxtın başqa məkanlarında aksiya keçirmək icazəsi verməyib.
Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.
Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Paytaxt rəhbərliyi bu ərazilərin nəqliyyatın sıx hərəkət etdiyi məkanlar olduğunu əsas gətirərək Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təklifdən imtina edən Milli Şura oktyabrın 8-i Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket və yürüş keçirib.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində də Milli Şura “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park variantlarında israr edib.
Yenə Lökbatan ünvan göstəriləndə Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.
Oktyabrın 19-da polis “28 May” stansiyası qarşısında toplaşmağa imkan vermədiyi üçün aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında toplanıb müxtəlif şüarlar səsləndiriblər.
Milli Şura noyabrın 2-si saat 15-ə təyin olunmuş aksiya üçün Bakı Şəhər İcra Hakimiyyətindən iki yerdən birini istəyib: metronun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.
AXCP sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli bəyan edib ki, hakimiyyət mitinqə razılıq verməsə və ya şəhərdən kənar yerləri ünvan göstərsə, aksiya Bakının mərkəzində keçiriləcək.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir.