Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində müsavatçı, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun şikayətinə baxış start götürüb. Novator.az-ın məlumatına görə, Tofiq Yaqublunun vəkili Nemət Kərimlinin proses zamanı qaldırdığı vəsatətlərin dəyərləndirilməsi üçün məhkəmə başqa günə keçirilib.
Nemət Kərimli birinci instansiya məhkəməsində protokolun saxtalaşdırıldığını bildirərək protokola qeydlər təqdim edib. Vəkil işgəncəyə məruz qaldığını bildirən Tofiq Yaqublunun şikayətinin araşdırılması üçün məhkəmə-tibb ekspertizasının keçirilməsi barədə də vəsatət qaldırıb, həmçinin onun tibbi müayinəsinin nəticəsinin məhkəməyə təqdim olunmasını istəyib.
Tofiq Yaqublu Milli Şuranın oktyabrın 19-u Bakının mərkəzində keçirdiyi sanksiyasız aksiyada tutularaq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb. O, paytaxtın Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanır.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb. 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.
Azadliq.org bildirir ki, oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsi Milli Şuranın 19 oktyabr mitinqindən öncə tutulan Abdulla Mahmudov və həmin gün tutulan Cabbar Savalanlının apellyasiya şikayətlərini təmin etməyib. Onların hər ikisi AXCP üzvüdür.
Cabbar Savalanlı mitinq günü tutulub, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası alıb. Oktyabrın 18-də tutulan Abdulla Mahmudova isə Sabunçu Rayon Məhkəməsi 30 sutka həbs cəzası kəsib.
Milli Şura 19 oktyabr mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Paytaxt rəhbərliyi Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təklifdən imtina edən Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.
Oktyabrın 19-da polis “28 May” stansiyası qarşısında toplaşmağa imkan vermədiyi üçün aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında aksiya keçiriblər. Aksiya dağıdılıb, tutulan 12 nəfərə inzibati həbs cəzaları verilib.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Qurumun liderlərindən biri AXCP sədri Əli Kərimlidir.
Tofiq Yaqublu işgəncəyə məruz qaldığını deyib