“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi Zəngilanın işğalının 26-cı ili ilə əlaqədar bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri Azərbaycanın cənub-qərb bölgəsinə genişmiqyaslı hücuma keçib: “Ermənistan ordusunun hücumda başlıca məqsədi Azərbaycanın Zəngilan rayonunu ələ keçirmək, bununla da ölkənin cənub-qərb hissəsinin işğalını başa çatdırmaq idi. Nəticədə 707 kvadrat kilometr sahəsi, 32,6 min nəfər əhalisi olan, 1 şəhər, 1 şəhər tipli qəsəbə və 81 kənddən ibarət Zəngilan rayonu bütünlüklə işğal edildi.
İşğal nəticəsində Zəngilan rayonu ərazisindəki evlər, obyektlər, memarlıq abidələri bütünlüklə talan edilib, yandırılıb, dağıdılıb və məhv edilib.
Ermənistanın təcavüzü zamanı Zəngilan 188 şəhid verib, rayonun 44 sakini itkin düşüb.
1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilib. Bu ərazilər etnik təmizləməyə məruz qalıb, 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından köçkün düşüb.
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq indiyə kimi Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb.
Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq, o cümlədən Zəngilan rayonunun 40 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırır. Münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, Dağlıq Qarabağ və ətraf yeddi rayondan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra mümkündür. Yalnız bu halda iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulması, regionda davamlı və ədalətli sülh təmin oluna bilər”.
Novator.az bildirir ki, 2009-cu ildə yaradılmış “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinə əvvəlcə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sədrlik edib. 2018-ci il dekabrın 20-də diplomat Tural Gəncəliyev sədr seçilib.
23 nəfərdən ibarət İdarə Heyətində Asif Cahangirov sədrin müavini, ictimai birliyin fəaliyyətinin əlaqələndiricisi vəzifəsini, Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov sədrin müavini postunu tutur.
Əvvəlki sədr Bayram Səfərov da İdarə Heyətinin üzvüdür.
İdarə Heyətinin üzvləri arasında Rövşən Rzayev (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri), Şahmar Usubov (Xocalı Rayon İcra Hakimiyyətinin başçısı), Eyvaz Hüseynov (Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı), Polad Bülbüloğlu (Azərbaycanın Rusiyada səfiri), Elman Məmmədov (Milli Məclisin deputatı), Flora Qasımova (Milli Məclisin deputatı), Fərhad Bədəlbəyli (Bakı Musiqi Akademiyasının rektoru, professor), Kamal Abdulla (Azərbaycan Dövlət Dillər Universitetinin rektoru, akademik) və başqaları da yer alır.
İctimai birliyin qərargahı Bakının Nərimanov rayonunda, Şuşa Rayon İcra Hakimiyyətinin binasında yerləşir.