Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabr aksiyasından əvvəl və aksiya günü tutularaq inzibati həbs cəzası alanların bir qismi azadlığa çıxıb. Novator.az-ın məlumatına görə, AXCP üzvləri Əlizamin Salayev və Elxan Əliyev 15 sutkalıq, müsavatçı Qoşqar Nuralıyev, AXCP üzvləri Tofiq Məmmədov, Sübhi Həsənov, Abış Astanov, İdrak Şirəliyev və Əlizamin Həsənov 10 sutkalıq, Əliqulu Qəhrəmanov və Şaiq Ələkbərov 5 sutkalıq cəzaları başa vurublar.
10 sutka həbs cəzası alan AXCP üzvləri Nicat Abdullayev və Natiq Əfəndiyevin oktyabrın 29-da, 15 sutkalıq cəza çəkən AXCP üzvü Yalçın Abdullayevin oktyabrın 30-da buraxılması gözlənir.
Aksiya günü tutulanlardan Tofiq Yaqublu (Müsavat), Rüfət Səfərov (bitərəf), Baba Süleymanov (AXCP) 30 sutka, Cabbar Savalanlı (AXCP) 20 sutka, Rəşad Qədirov, Bəxtiyar Yusubov, Rəşad Həsənov (hamısı AXCP) 15 sutka həbs cəzası alıblar.
Aksiyadan əvvəlki günlərdə tutulan və hələ də həbsdə olan şəxslər bunlardır:
İlham Hüseyn, AXCP – 60 sutka
Əliağa Məmmədov, AXCP – 30 sutka
Saqif Qurbanov, AXCP – 30 sutka
Emil Səlimov, AXCP – 30 sutka
Abdulla Mahmudov, AXCP – 30 sutka
Ramid Nağıyev, AXCP – 20 sutka
Baha Mikayılov, Müsavat – 15 sutka
Seymur Həzi, AXCP – 15 sutka
Nicat Nizamov, AXCP – 15 sutka
Murad Sultanov, AXCP – 15 sutka
Orxan Səlimzadə, AXCP – 15 sutka.
Milli Şura 19 oktyabr mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Paytaxt rəhbərliyi Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təklifdən imtina edən Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.
Oktyabrın 19-da polis “28 May” stansiyası qarşısında toplaşmağa imkan vermədiyi üçün aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında toplanıb müxtəlif şüarlar səsləndiriblər.
Aksiya günü tutulan 12 nəfərə inzibati həbs cəzaları verilib.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Qurumun liderlərindən biri AXCP sədri Əli Kərimlidir.