AZƏRTAC prezident İlham Əliyevin 28 oktyabr çıxışlarının mətnlərini yayıb.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılışı zamanı kollektivlə görüşən dövlət başçısı deyib ki, müəssisədə 50-dən çox iş yeri yaradılıb: “Gələcəkdə iş yerlərinin sayı daha çox olacaq. Burada iş şəraiti də, əməkhaqqı da yaxşıdır.
Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün çox böyük işlər görürük. Bu məqsədlə “Azərxalça” müəssisəsi yaradılıb və mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir. Onlardan 10-u istifadəyə verilib. Növbəti illərdə 20-dən çox fabrik fəaliyyətə başlayacaq. Bu fabriklərdə minlərlə yeni iş yeri yaradılacaq.
Xalçaçılıq sənəti bizim milli sənətimizdir, bizim qədim sənətimizdir. Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın. Buna nail olmaq üçün belə fabriklərin yaradılması çox böyük əhəmiyyət kəsb edir.
Eyni zamanda xalça ixrac yönümlü məhsuldur. Bu xalçalar xaricə satılmaqla ölkəmizə valyuta gələcək. Biz indi Sumqayıt şəhərində böyük əyirici-boyaq müəssisəsi yaradırıq. Ölkə üzrə yun tədarük mərkəzləri yaradılır. Bizim öz boyalarımız, öz iplərimiz olacaq və idxaldan asılılıq aradan qaldırılacaq.
“Azərxalça”nın yaradılması görün nə qədər böyük, gözəl hadisələrə təkan verdi. Həm iş yerləri yaradılır, biz sənətimizi yaşadırıq, gənc nəsli yetişdiririk, həm də bölgələrdə yunçuluqla bağlı aparılan tədbirlər öz səmərəsini verir və nəticədə Azərbaycan daha da güclənir, ölkəmizin uğurlu inkişafı təmin edilir”.
İlham Əliyev Qəbələ rayonuna çox böyük diqqət göstərildiyini vurğulayıb: “Son illər ərzində burada bir çox önəmli müəssisənin, obyektin açılışı olub. Təsadüfi deyil ki, mən son 16 il ərzində Qəbələyə 13 dəfə səfər etmişəm, şəhərin, rayonun inkişafı ilə bağlı göstərişlər verilib və gözəl açılışlarda iştirak etmişəm.
Qəbələ Azərbaycanın Bakıdan sonra ikinci turizm məskənidir. Turizmin inkişafı sürətlə davam edir, 9 otel, 9 istirahət mərkəzi yaradılıb. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Qəbələdə beynəlxalq aeroport tikilib. İcra başçısı mənə məlumat verdi ki, bu il təkcə otellərdə 150 min qonaq istirahət edib. Fərdi evlərdə də bəlkə o qədər qonaq istirahət edib. Bu, vətəndaşlara da böyük maddi dəstəkdir. İmkanı olan vətəndaşlar öz evlərinin bir hissəsini kirayəyə verirlər, pul qazanırlar. Kəndlilər də öz məhsullarını satırlar. Ona görə turizmin inkişafı əhalinin çox böyük bir hissəsini əhatə edir.
Əlbəttə, Qəbələdə sosial infrastruktur da icra edilir. O cümlədən biz bu gün içməli su-kanalizasiya layihəsini icra etdik. Bundan sonra Qəbələ ən yüksək standartlara cavab verən içməli su ilə təmin ediləcək. Şəhər sakinləri bundan faydalanır.
“ASAN xidmət” mərkəzi yaradılıb, bu da vətəndaşlara çox böyük rahatlıq verir.
Heydər Əliyev adına böyük Konqres Mərkəzi yaradılıb və orada beynəlxalq tədbirlər, musiqi festivalları keçirilir.
Yəni Qəbələdə hərtərəfli inkişaf təmin edilir, iş yerləri, yeni müəssisələr, konserv zavodu, iki böyük heyvandarlıq müəssisəsi, bu gün tanış olduğum, Azərbaycanın tələbatının böyük hissəsini öz üzərinə götürən gülyetişdirmə mərkəzi və bu xalça müəssisəsi. Qəbələnin timsalında biz ölkəmizin uğurlu inkişafını görürük.
Şəhər də gündən-günə gözəlləşir, abadlaşır. Həm tarixi abidələr qorunur, həm yeni obyektlər göz oxşayır. Belə də olmalıdır. Çünki Qəbələ dünyanın ən qədim yaşayış yerlərindən biridir. Qəbələ qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bu şəhərin çox böyük tarixi var. Biz indi Qəbələnin tarixi simasını saxlamaqla şəhərə, rayona yeni nəfəs veririk. Yeni inkişaf konsepsiyası icra edilir. Hər dəfə Qəbələdə olanda mən gördüyüm bu inkişafı qiymətləndirirəm və buna sevinirəm”.
Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. O, prezident kimi Ağdaş rayonuna beşinci dəfə səfər etdiyini deyib: “Hər səfərdə biz hansısa önəmli layihənin ya təməl daşını qoyuruq, ya da açılışını qeyd edirik, o cümlədən bu gün. Artıq neçə vaxtdır Ağdaş şəhərinə içməli suyun verilməsi təmin edilib. Bu gün isə bu gözəl layihənin rəsmi açılışını qeyd edirik. Həm içməli su, həm kanalizasiya layihəsi tam başa çatıb və şəhər əhalisi 24 saat ərzində təmiz içməli su ilə təmin olunur. Bu suyun keyfiyyəti də Dünya Səhiyyə Təşkilatının bütün standartlarına cavab verir.
İçməli su problemi bir sıra ölkələrdə çox ciddi problem kimi qalır. Bəzi ölkələrdə insanların ömür uzunluğunun o qədər də böyük olmamasının səbəbi də içməli suya olan tələbatdır. Biz isə bütün şəhərlərdə bu layihələri icra edirik. İlk növbədə Bakı şəhərində bunu icra etdik və çox müasir, dünya miqyasında ən böyük sutəmizləyən stansiya tikildi. İndi bütün şəhərlərdə bu layihələr ya icra edilib, ya da icradadır. Cəmi beş şəhər qalıb. Ancaq “Azərsu”ya göstəriş verildi ki, gələn ildən başlayaraq qalan bu beş şəhərin də içməli su problemi öz həlini tapsın”.
Dövlət başçısı qeyd edib ki, Ağdaşda icra edilən layihələr rayonun potensialının inkişafına, ümumi inkişafa xidmət göstərir: “Bu gün “Ağdaş” elektrik yarımstansiyası da fəaliyyətə başlayıb. Mən onu Qəbələdəki yarımstansiyadan düyməni basmaqla işə saldım. Elektrik enerjisi ilə bağlı heç bir problem olmamalıdır, yoxdur və olmayacaq. İçməli su layihəsi icra edilib, qazlaşdırma 80 faiz səviyyəsindədir. Mənə dedilər ki, cəmi 19 kənddə hələ qaz yoxdur. İndi Azərbaycan Dövlət Neft Şirkətinə tapşırıq verirəm ki, o 19 kəndə də qısa müddət ərzində qaz xətləri çəkilsin.
Son 2 il ərzində Ağdaşda yüz kilometrdən çox kənd yolları salınıb, birinin açılışını bu gün etdik. Yəni bu sosial infrastruktur layihələri öz həllini tapır. Modul tipli 28 sutəmizləyən qurğu fəaliyyət göstərir. İndi içməli su sistemini işə salacağıq. Beləliklə, rayonun hərtərəfli inkişafı üçün şərait yaradılır. Yeni müəssisələr yaradılır, o cümlədən biyan kökü istehsalı və emalı zavodu. O da çox böyük sənaye müəssisəsidir ki, burada işsizlik olmasın, vətəndaşlar işlə təmin edilsinlər. Həmçinin onlar yaxşı tibbi xidmət alsınlar, təmiz su içsinlər və sağlam olsunlar. Məqsədimiz budur.
Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram. Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az olduğum rayon yoxdur. Ona görə gəlirəm, vəziyyətlə tanış oluram, mövcud problemləri vətəndaşların dilindən eşitmək istəyirəm ki, o problemlər həll olunsun. Mənim işimin əsas hissəsini daxili məsələlər tutur və məhz buna görə Azərbaycan çox uğurla inkişaf edir.
Bu yaxınlarda yeni hesabatlarda yenə də Azərbaycanın uğurlu inkişafı öz əksini tapır. Misal üçün, Dünya Bankının, Davos Ümumdünya Forumunun hesabatlarında göstərilir ki, elektrik enerjisinə əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Baxın görün dünyada nə qədər inkişaf etmiş ölkələr var. Onların arasında, bütün dünya ölkələri arasında biz ikinci yerdəyik. Xalqın hökumətə inamına görə birinci onluqdayıq. Bu nəyi göstərir? Bunu biz demirik, bunu geniş təhlil aparan dünyanın ən mötəbər qurumları deyir və bu da həqiqətdir. Bizim gücümüzün də mənbəyi budur. Çünki xalq-iqtidar birliyi bizim inkişafımızı şərtləndirir və bu dəstək bizə güc verir ki, biz öz sözümüzü deyək, öz mövqeyimizi müdafiə edək”.