Demokratik Qüvvələrin Milli Şurası yenə paytaxtda mitinq keçirmək qərarı verib. Novator.az-ın məlumatına görə, noyabrın 2-si saat 15-ə təyin olunmuş aksiya üçün Bakı Şəhər İcra Hakimiyyətindən iki yerdən biri istənir: metronun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.
AXCP sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli bəyan edib ki, hakimiyyət mitinqə razılıq verməsə və ya şəhərdən kənar yerləri ünvan göstərsə, aksiya Bakının mərkəzində keçiriləcək.
2013-cü ildən Bakıda mitinqlər üçün Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu ayrılıb. Milli Şuranın 19 yanvar 2019-cu il mitinqindən sonra Bakı Şəhər İcra Hakimiyyəti heç bir təşkilata orada, eləcə də paytaxtın başqa məkanlarında aksiya keçirmək icazəsi verməyib.
Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.
Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Paytaxt rəhbərliyi bu ərazilərin nəqliyyatın sıx hərəkət etdiyi məkanlar olduğunu əsas gətirərək Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təklifdən imtina edən Milli Şura oktyabrın 8-i Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket və yürüş keçirib.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində də Milli Şura “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park variantlarında israr edib.
Yenə Lökbatan ünvan göstəriləndə Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.
Oktyabrın 19-da polis “28 May” stansiyası qarşısında toplaşmağa imkan vermədiyi üçün aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında toplanıb müxtəlif şüarlar səsləndiriblər.
Aksiya günü tutulan 12 nəfərə inzibati həbs cəzaları verilib.
2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir.