Oktyabrın 25-i Bakıda Qoşulmama Hərəkatının zirvə görüşü başlayır. Sammitdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısının, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənir.
Qoşulmama Hərəkatında 120 dövlət təmsil olunur. 17 dövlətin və 10 beynəlxalq təşkilatın Qoşulmama Hərəkatında müşahidəçi statusu var.
Azərbaycan təşkilata 2011-ci ildə qoşulub, 2019-2022-ci illər üçün sədr statusu alıb.
Oktyabrın 24-də prezident İlham Əliyev sammitə gələn iranlı həmkarı Həsən Ruhani ilə görüşüb. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, iki ölkənin əlaqələri qədim tarixə, ortaq mədəniyyətə əsaslanır: “Bu əlaqələr ən yüksək səviyyədədir. Biz son bir neçə il ərzində Sizinlə on dəfədən çox görüşmüşük. Hər bir görüşün böyük əhəmiyyəti var və hər bir görüşdən sonra verilən tapşırıqlar icra olunur. İki dövlət arasındakı əlaqələr hazırda ən yüksək zirvədədir.
Təbii ki, bu möhkəm əlaqələr bütün sahələrə müsbət təsir göstərib. Keçən il ticarət dövriyyəmiz 70 faizdən çox artıb. Bu, rekord göstəricidir. Bu ilin doqquz ayında isə yenə də 45 faiz artıb.
Şadam ki, bizim birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi uğurla fəaliyyət göstərir. Keçən il bu dəhlizlə 8 dəfədən çox yük daşınıb. Bu ilin doqquz ayında, mənə verilən məlumata görə, yükdaşımalar 70 faiz artıb.
Cənub-Qərb nəqliyyat dəhlizi də fəaliyyət göstərir. Qarşılıqlı sərmayə qoyulub.
İran texnologiyaları əsasında avtomobil zavodu fəaliyyət göstərir. Biz bu zavodun açılışını birgə qeyd etmişdik. Avtobus istehsalı zavodunun tikintisi ilə əlaqədar indi layihələndirmə işləri aparılır.
Neft-qaz sahəsində yaxşı əməkdaşlıq edirik. Eyni zamanda keçən ilin avqustunda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi həm beştərəfli, həm də ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir.
Mədəniyyət sahəsində ənənəvi əməkdaşlıq çox müsbətdir. Yəni elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq nəticədə özünü göstərir. Nəticələr də göz qabağındadır”.
Həsən Ruhani qeyd edib ki, iki ölkə arasında əlaqələr çox müsbət irəliləyib: “Çox yaxşı iqtisadi əməkdaşlıq var və bu, hər iki ölkəni sevindirir. Azərbaycanda və İranda olan mövcud hakimiyyət və mövcud dövlətlər iki ölkənin mənafeyinin, iki ölkənin rifahının və xalqların rifahının qaldırılması üçün yaxşı işlər görürlər və bu sevindiricidir. Mən Sizi əmin edirəm ki, İran dövləti və İran xalqı daim Azərbaycan dövlətinin və Azərbaycan xalqının yanında olub və olacaq”.
İlham Əliyev Kuba lideri, Oman Sultanlığı Dövlət Şurasının sədri, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri, Vyetnam Sosialist Respublikasının vitse-prezidenti ilə də bir araya gəlib.