Müsavat Məclisinin üzvü Nigar Həzi oktyabrın 25-də Bakının Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanan yoldaşı Seymur Həzi ilə görüşüb.
Novator.az-ın məlumatına görə, Nigar Həzi özünün “Facebook” səhifəsində Seymurla ilk dəfə bir araya gəldiyini yazıb: “İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinin rəisi heç bir əsas olmadan görüşə icazə vermirdi. Görüşmək istəyimə absurd səbəb gətirirdilər ki, yeni gətirilib, görüşə bilməzsiniz”.
Nigar Həzinin açıqlamasına görə, 25 oktyabr görüşü Ombudsman Aparatı əməkdaşları işə qarışından sonra mümkün olub: “Seymurun əhvalı əladır. Bütün dostlara salamı var, “mübarizəyə davam” deyir.
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyadan iki gün qabaq Bakıda tutulan Seymur Həzi 15 sutka inzibati həbs cəzası alıb.
Seymur Həzi AXCP-nin öncül şəxslərindən biridir. O, 2014-cü il avqustun 29-da bir nəfərə xəsarət yetirmək ittihamı ilə tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da azadlığa çıxıb.
Seymur Həzi həbsdə olarkən, 2016-cı ilin avqustunda müxalif siyasətçi Tofiq Yaqublunun qızı Nigarla ailə qurub.
Hazırda Tofiq Yaqublu da həbsdədir, Seymurla eyni həbs məntəqəsində saxlanır.
Siyasətçi Milli Şuranın 19 oktyabr aksiyasında tutulub, 30 sutka inzibati həbs cəzası alıb.
Tofiq Yaqublu milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb. 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.