Məişət tullantılarının idarə edilməsi: təkliflər var
- 25 Oktyabr 2019
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Dayanıqlı inkişafın təmin edilməsi işində həlli xüsusi vacib məsələlərdən biri məişət tullantılarının idarə edilməsinin müasir tələblərə uyğun qurulmasıdır. Böyük Bakını əhatə edən zonada bu sahədə həyata keçirilən işlər bəllidir. Amma araşdırmalar göstərir ki, bölgələrdə və kənd yerlərində bu sahədə ciddi problemlər qalır.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin oktyabrın 25-də təşkil etdiyi dəyirmi masada bu problem müzakirə olunub. “Kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində mövcud durum və sistemin təkmilləşdirilməsi üzrə tövsiyələr“ mövzulu dəyirmi masaya hökumət qurumlarının nümayəndələri, ekologiya və məişət tullantılarının idarə edilməsi məsələləri sahəsində mütəxəssis və ekspertlər, araşdırıcı alimlər, iqtisadçılar və vətəndaş cəmiyyəti təmsilçiləri qatılıblar.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirib ki, təşkilat “Kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində problemlərin həlli ilə bağlı ictimai müzakirələrin və ictimai vəkilliyin təşkili” adlı layihə həyata keçirib: “Qafqaz Tədqiqatlar və Resurs Mərkəzinin Gürcüstan təşkilatının Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Vətəndaş cəmiyyətinə dəstək proqramı” çərçivəsində gerçəkləşən layihə çərçivəsində kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində normativ-hüquqi bazanın durumu və bir neçə pilot ərazi timsalında real vəziyyət araşdırılıb, bu sahədə son illər əldə olunmuş nailiyyətlər və problemlər aşkarlanıb, ölkələrin təcrübələri öyrənilib, habelə sahənin mütəxəssisləri və ekspertləri ilə məsləhətləşmələr əsasında kənd ərazilərində məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələr hazırlanıb.
Kənd yerlərində məişət tullantılarının idarə edilməsi sahəsində bu problemlər aşkarlanıb:
– qanunvericilikdə kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması, daşınması və onların mənfi təsirlərinin azaldılması sahəsində başlıca vəzifə və səlahiyyətlər rayon icra hakimiyyəti başçılarına həvalə edilsə də, hazırda kənd yaşayış məntəqələrində bu fəaliyyətlər demək olar həyata keçirilmir;
– kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması və daşınması fəaliyyətinin həyata keçirilməsinin işlək mexanizmləri nə qanunvericilikdə, nə də praktik təcrübədə var;
– kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması, daşınması və onların mənfi təsirlərinin azaldılması işlərinin təşkili üçün dövlət büdcəsindən məqsədli (ünvanlı) vəsait ayrılmır;
– kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin vəzifə və səlahiyyətləri daha çox nəzarət xarakterlidir;
– xarici təcrübədə kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması, daşınması və onların mənfi təsirlərinin azaldılması istiqamətində fəaliyyətlər əsasən bələdiyyələrin vəzifə və səlahiyyətlərinə aid olduğu halda Azərbaycanda bələdiyyələrə bu sahədə yalnız maarifləndirmə rolu həvalə olunub;
– kənd yaşayış məntəqələrində bərk məişət tullantılarının, xüsusilə plastik materialların yığılması üçün xüsusi tutumlar yoxdur;
– kənd yaşayış məntəqələrində məişət tullantılarının yaranmasının uçot və hesabatlılığı sistemi ümumiyyətlə qurulmayıb;
– kənd yaşayış məntəqələrində yaşayan insanların məişət tullantılarının ətraf mühitə, cəmiyyətə və insan sağlamlığına zərərləri və mənfi təsirləri haqqında bilgiləri son dərəcə azdır, bu sahədə yetərli maarifləndirmə işləri aparılmır;
– Bakı şəhəri və qismən Abşeron zonası istisna olmaqla ölkənin digər ərazilərində istehsalat və məişət tullantılarının daşınması üçün zəruri tələblərə cavab verən poliqonlar yaradılmayıb”.
Layihə çərçivəsində Polşa, Türkiyə, Rusiya və Gürcüstanın bu sahədəki təcrübələrinin araşdırıldığını bildirən Azər Mehtiyev vurğulayıb ki, həmin ölkələrdə kənd yerlərində məişət tullantılarının toplanması, daşınması və emal edilməsi məsələləri əsasən bələdiyyələrin səlahiyyətindədir: “Bələdiyyələr bu işi ya bilavasitə özləri, ya bələdiyyələrarası kooperasiya yolu, ya da özəl qurumlarla əməkdaşlıq formasında həyata keçirirlər. Dövlət qurumları isə başlıca olaraq bu sahədə milli siyasətin müəyyən edilməsi və onun icrasının təmin edilməsi ilə məşğul olurlar”.
Təqdimatda qeyd olunub ki, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi kənd ərazilərinin məişət tullantılarından təmizlənməsinin 3 alternativ mexanizmindən birinin tətbiqini mümkün hesab edir:
– kənd ərazilərinin məişət tullantılarından təmizlənməsinin mənzil-kommunal təsərrüfatı qurumlarının müstəsna səlahiyyəti kimi müəyyən edilməsi və onlara bu işi həyata keçirmələri üçün real imkanların təmin edilməsi;
– kənd ərazilərinin məişət tullantılarından təmizlənməsinin bələdiyyələrin müstəsna səlahiyyəti kimi tanınması və bələdiyyələrə bu işi həyata keçirmələri üçün real imkanların yaradılması;
– özəl operatorların xidmətindən istifadə.
İqtisadi Təşəbbüslərə Yardım ictimai Birliyi kənd ərazilərinin məişət tullantılarından təmizlənməsi işinin bələdiyyələrin müstəsna səlahiyyətinə verilməsini daha məqsədəuyğun hesab edir. Qurumun fikrincə, bələdiyyələr bu xidmətlərin təşkilini aşağıdakı formada reallaşdıra bilər:
– bilavasitə bələdiyyələrin nəzdində mənzil-kommunal departamentləri yaratmaqla;
– bələdiyyə mülkiyyəti olmaqla ayrıca məişət tullantıların idarə olunması üzrə ixtisaslaşmış müəssisə yaratmaqla;
– bir neçə bələdiyyəyə xidmət göstərən birliklər (bələdiyyələrarası müəssisə) formasında.
Azər Mehtiyev bildirib ki, hazırlanmış təklif və tövsiyələr müvafiq hökumət qurumlarına, habelə digər maraqlı tərəflərə təqdim ediləcək.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçisi Ceyhun Hüseynov Bakı və Abşeron zonasında məişət tullantılarının toplanması, təmizlənməsi, emalı, belə tullantıların cəmiyyətə və təbiətə mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, ölkənin kənd yerlərində bu problemin həllinə dövlətlə yanaşı vətəndaşların da böyük diqqət yetirməli olduğunu vurğulayıb, bölgələrdə və kənd yerlərində məişət tullantılarının idarə edilməsi sisteminin qurulması istiqamətində işlərin hələ ilkin mərhələdə olduğunu, hökumətin müvafiq tədbirlər planında bununla bağlı müəyyən fəaliyyətlərin nəzərdə tutulduğunu bildirib, kənd yerlərində məişət tullantılarının toplanması və daşınması işinin bələdiyyələrin müstəsna səlahiyyətinə verilməsinin məqsədəuyğun olduğunu qeyd edib.
İqtisadiyyat Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin nümayəndəsi Səbuhi Babayev qeyd edib ki, ASC Bakı şəhərinin 12 inzibati rayonuna xidmət göstərir, məişət tullantılarının toplanması və daşınmasına icra hakimiyyətləri cavabdehlik daşıyır. O qeyd edib ki, hazırda Şüvəlan qəsəbəsi və Qaradağ rayonu ərazisində məişət tullantılarının qəbulu məntəqələri tikilir.
Səbuhi Babayev Bakıdan başqa ölkənin heç bir yerində məişət tullantılarının daşınması üçün müvafiq tələblərə cavab verən sanitariya poliqonlarının olmadığını vurğulayıb: “Amma ölkənin 12 ərazisində belə poliqonların qurulması nəzərdə tutulur”.
Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev məişət tullantıları işinin bələdiyyələrin səlahiyyətinə verilməsi ilə prinsipcə razılaşdığını, lakin indiki halda bu məsələyə dövlət qurumlarının daha çox diqqət ayırmalı olduğunu, xüsusilə sahənin idarə edilməsinin hüquqi bazasının təkmilləşdirilməsinə diqqətin artırılması və bu problemlərin həllinə beynəlxalq təşkilatların cəlb edilməsi zəruriliyini vurğulayıb.
Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin sədri Mehriban Vəzir bu sahədə bağçalardan başlayaraq bütün təhsil səviyyələrində, habelə cəmiyyətdə geniş maarifləndirmə işlərinin təşkilinə diqqət ayrılmasının vacibliyini, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov problemin həllinin qanunvericilikdə bu məsələlər üzrə səlahiyyət və məsuliyyətin dəqiq müəyyən edilməsindən başlamalı olduğunu deyiblər.
“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli kənd yerlərində məişət tullantılarının toplanması və daşınması işi ilə mərkəzi idarəetmə qurumların məşğul olmasının anlaşılmaz olduğunu, bu işin məhz bələdiyyələrə aid olduğunu və səlahiyyətin, müvafiq maliyyə təminatı yaradılması şərti ilə bələdiyyələrə ötürülməsinin vacib olduğunu deyib.
Bazar İqtisadiyyatına və Sahibkarlığın İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov problemin əslində kənd yaşayış məntəqələrində və bütünlüklə ölkədə mülkiyyət hüquqlarının dəqiq təyin edilməməsindən, insanların yaşadıqları əraziyə kifayət qədər sahiblənməməsindən qaynaqlandığını deyib və çıxış yolunun məhz mülkiyyət münasibətlərinin təkmilləşdirilməsində olduğunu vurğulayıb.