Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində iştirak qərarı çıxararaq Mərkəzi Seçki Komissiyasına müraciət edib. İdarə Heyətinin qərarına əsasən, partiya bütün bələdiyyələrdən namizədlər verəcək.
1992-ci ildə Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına hazırda prezident İlham Əliyev sədrlik edir. Partiyanın 742 min nəfərdən çox üzvü var.
Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. 118 seçki dairəsini əhatə edəcək seçkilərdə 1606 bələdiyyəyə 15156 nəfərin seçilməsi nəzərdə tutulur.
Namizədin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi noyabrın 3-dən noyabrın 22-dək davam edəcək. Seçkiqabağı təşviqat noyabrın 30-dan dekabrın 22-dək çəkəcək.
Novator.az bildirir ki, əhalisi 500-dən az olan ərazilərdə 5 bələdiyyə üzvü; 999-dək olan ərazilərdə 7 bələdiyyə üzvü; 4999-dək olan ərazilərdə 9 bələdiyyə üzvü ; 9999-dək olan ərazilərdə 11 bələdiyyə üzvü; 19999-dək olan ərazilərdə 13 bələdiyyə üzvü; 49999-dək olan ərazilərdə 15 bələdiyyə üzvü; 99999-dək olan ərazilərdə 17 bələdiyyə üzvü; 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü olur.
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.
Seçkilərdə iştirak hüququ olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş vətəndaş əhalisi 99999-dan çox olan ərazidə 150 seçici imzası; 49999-dan çox olan ərazidə 100 seçici imzası; 19999-dan çox olan ərazidə 75 seçici imzası; 9999-dan çox olan ərazidə 50 seçici imzası; 4999-dan çox olan ərazidə 30 seçici imzası; 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır.
Seçicilərin bələdiyyə üzvlüyünə bir neçə namizədin müdafiəsi üçün imza etmək hüququ var.
Bələdiyyə üzrə heç bir namizəd qeydə alınmayıbsa və ya bələdiyyə üzvlərinin sayından az sayda namizəd qeydə alınıbsa, orada seçkilər 2 ay müddətinə təxirə salınır. Səsvermə gününədək bələdiyyə üzrə qeydə alınmış namizəd qalmayanda, yaxud bələdiyyə üzvlüyünə bir yerə qeydə alınmış bir namizəd qalanda da eyni qərar verilir.
Namizədin qeydə alındığı gündən seçkilərin yekunları rəsmi dərc edildiyi günədək müvafiq seçki ərazisində gəliş-gediş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) pulsuz istifadə etmək hüququ var.
Bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd yalnız müvafiq rayon prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.
Siyasi partiya və siyasi partiyaların bloku səsvermə gününə azı 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək seçki dairəsi üzrə irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədi, qeydə alınmış bələdiyyə üzvlüyünə namizədi geri çağırmaq hüququna malikdir.
Bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş siyasi partiya, siyasi partiyaların bloku səsvermə gününə azı 10 gün qalmış müvafiq dairə seçki komissiyasına yazılı ərizə verməklə, namizədləri irəli sürmüş orqanın qərarı ilə seçkilərdə iştirak etməkdən imtina edə bilər. Bu halda siyasi partiya, siyasi partiyaların bloku bələdiyyə üzvlüyünə namizədləri geri çağıra bilər.
Seçki bülletenində bələdiyyə üzvlüyünə namizədlərin soyadı, adı və atasının adı, təxəllüsü, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri (bu olmadıqda fəaliyyət növü), habelə qeydə alınmış bələdiyyə üzvlüyünə namizədi kimin irəli sürdüyü göstərilməlidir.
Səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası çoxmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyən edir.
Seçkilərdə iştirak edən və seçicilərin ən çox səsini toplayan namizədlər bələdiyyə üzvlərinin sayına bərabər olaraq müvafiq bələdiyyəyə üzv seçilmiş hesab edilirlər.
Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını yoxlayır və seçkilərin ümumi yekunları haqqında protokol tərtib edir.
Mərkəzi Seçki Komissiyası seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində Azərbaycan Respublikası üzrə bələdiyyə seçkilərinin yekunlarını elan edir. Mərkəzi Seçki Komissiyasının bu qərarı qətidir.
Bələdiyyə üzvü seçilmək haqqında vəsiqəni seçkilərin yekunları elan olunduqdan sonra 5 gün müddətində dairə seçki komissiyası verir.