“Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin”
“Heydər Əliyevin yetişdirdiyi, böyük vəzifələr verdiyi bir çox kadrlar ona sadiq çıxmadılar”. Dövlət başçısı İlham Əliyev oktyabrın 23-də Prezident Administrasiyasının rəhbəri postundan ayrılan Ramiz Mehdiyevlə görüşündə belə deyib.
1938-ci il təvəllüdlü Ramiz Mehdiyev 1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən Prezident Administrasiyasının rəhbəri olub.
Fəlsəfə elmləri doktoru olan Ramiz Mehdiyev oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib. İlham Əliyev Ramiz Mehdiyevi həmin vəzifəyə təsdiqləyib. Başqa bir sərəncamla Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib.
Dövlət başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edərək onunla görüşüb. İlham Əliyev Ramiz Mehdiyevin həm sovet dönəmində, həm müstəqillik dövründə ölkənin inkişafına böyük töhfələr verdiyini vurğulayıb: “Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev sizi hələ gənc yaşlarınızda önəmli vəzifələrə təyin edib. Siz yaxşı bilirsiniz ki, Heydər Əliyev kadrların seçilməsində çox tələbkar idi və onun bir sıra çox ciddi meyarları vardı. Sizi gənc yaşlarında önəmli vəzifələrə təyin etmək onu göstərirdi ki, buna layiq idiniz”.
İlham Əliyev Ramiz Mehdiyevin paytaxtın 26 Bakı Komissarı rayonunun (indiki Səbail rayonu) birinci katibi, Mərkəzi Komitənin şöbə müdiri, ideologiya üzrə katibi vəzifələrində çalışdığını xatırladıb: “Təbii ki, ulu öndər Heydər Əliyev əsassız olaraq bütün vəzifələrdən çıxarılandan sonra sizi də vəzifədən azad etmişdilər və yalnız Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra yenə sizi dəvət etdi. Bu, böyük bir inamın təzahürü idi. Çünki siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm ki, o vaxt Heydər Əliyevin yetişdirdiyi, böyük vəzifələr verdiyi bir çox kadrlar ona sadiq çıxmadılar və o, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra həmin kadrlara etibar etmədi. Sizi dərhal vəzifəyə təyin etməsi göstərir ki, o həm sizə inanırdı, eyni zamanda xalqımız üçün həmin ağır illərdə siz ulu öndərə öz sədaqətinizi saxlamısınız və onun rəhbərliyi altında işlədiyiniz dövr ərzində bunu sübut etmisiniz. Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmusunuz və bu çox önəmli və məsul işdə böyük nailiyyətlər əldə etmisiniz.
Son 16 il ərzində biz birlikdə işləyirik. Demək olar ki, hər gün əlaqədəyik, gündə bir neçə dəfə təmasdayıq. Ölkəmizin uğurlu, hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim sizə böyük hörmətim var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz və bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında sizin böyük rolunuz var.
Ancaq həyat yerində durmur, artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun. Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır. İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında bəzi ölkələrin, xalqların milli mənliyi elə bil silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola istiqamətləndirirlər.
Mən bilirəm ki, siz elmi işlərlə də fəal məşğulsunuz, bir çox böyük elmi əsərlərin müəllifisiniz. Bilirəm, sizin də istəyiniz ondan ibarətdir ki, bundan sonra elmi işlərlə məşğul olasınız. Sizin çox böyük potensialınız var və müəllifi olduğunuz kitablar çox böyük diqqətə və qiymətə layiqdir”.
Oktyabrın 23-də prezident İlham Əliyev iqtisadiyyat naziri təyin olunan Mikayıl Cabbarovla da bir araya gəlib.
Mikayıl Cabbarov vergilər naziri postundan azad edilərək iqtisadiyyat naziri vəzifəsinə təyinat alıb. Həmçinin Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirilib.
Mikayıl Cabbarovla görüşündə İlham Əliyev bunları qeyd edib: “Siz müxtəlif vəzifələrdə, o cümlədən İqtisadiyyat Nazirliyində nazir müavini vəzifəsində çalışmısınız, təhsil naziri, vergilər naziri kimi fəaliyyət göstərmisiniz. Xüsusilə sizin vergilər naziri kimi fəaliyyətinizi qeyd etməliyəm. Aparılan islahatlar nəticəsində vergilər sistemində şəffaflıq təmin edilir, biznes dairələri üçün vahid qaydalar tətbiq olunur.
Azərbaycanda sahibkarlığın inkişafı üçün vergilər stimul rolu oynayır və nəticələr də göz qabağındadır. Bu il Vergilər Nazirliyi plandan əlavə təqribən 350 milyon manatdan çox vəsait toplayıb və bu, şəffaflığın təzahürüdür. Bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi”.
İlham Əliyev deyib ki, Azərbaycanın iqtisadi inkişafını qeyri-neft sektoru üzərində qurulmalıdır və burada aparıcı rol İqtisadiyyat Nazirliyinin üzərinə düşür: “Bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır. İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, bunun obyektiv səbəbləri var. Hazırda neftin hasilatının bir qədər aşağı düşməsi nəticəsində ümumi daxili məhsulda müəyyən dərəcədə yavaşıma var. Doqquz ayda ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır.
İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə (2018-ci il aprelin 18-də – red.) fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz 21-ci əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar ilk növbədə vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər. Əsas vəzifələr bundan ibarətdir.
İslahatlar yaxşı nəticələr verir. Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alındı. Yəni bu yüz min insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar zərflərdə maaş alırdılar. 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb.
Hələ ki, ən azı on minlərlə insan indi bir növ kölgə iqtisadiyyatında fəaliyyət göstərir. Ona görə bu sahə çox ciddi diqqət tələb edir, çox ciddi addımlar atılmalıdır. Əminəm ki, İqtisadiyyat Nazirliyi bu məsələnin öhdəsindən gələcək.
Ümumiyyətlə, bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunur. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir. Ancaq bütün bu işləri biz ilk növbədə biznesin inkişafı prizmasından həll etməliyik. Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcək. Hüquq mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz.
Eyni zamanda haqsız rəqabət bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə vergilər naziri kimi bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmisiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək”.