“İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır”. Prezident İlham Əliyev oktyabrın 22-də baş nazirin müavini təyin etdiyi Şahin Mustafayevlə görüşündə belə deyib.
1965-ci il təvəllüdlü Şahin Mustafayev indiki Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi, Dövlət Neft Şirkətinin İqtisadiyyat və Uçot İdarəsinin rəisi, iqtisadi məsələlər üzrə vitse-prezidenti, vergilər nazirinin birinci müavini postlarını tutub. 2008-ci ildən indiki İqtisadiyyat Nazirliyinə rəhbərlik edib.
İlham Əliyev Azərbaycan iqtisadiyyatının son 15 ildə üç dəfədən çox artdığını qeyd edib: “Ancaq biz onu da bilməliyik ki, bu artım daha çox neftin hasilatının artırılması hesabına mümkün olub. İqtisadi sahədə hələ də bir çox problem mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır. Xüsusilə ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində bir çox iş görülməlidir. Bizim vəzifəmiz xarici investorları ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoymağa inandırmaqdır. Eyni zamanda yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar.
Hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Biz bunu edirik, etməliyik, infrastruktur layihələrinə, xidmət sektoruna, digər sahələrə. Ancaq ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır.
Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıb. Bu həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda ölkə iqtisadiyyatına, o cümlədən infrastruktura və sosial infrastruktura böyük yükdür. Yeni məktəblər, yeni uşaq bağçaları tikilməlidir, yeni yollar çəkilməlidir. Yolların çəkilişi üçün vaxtilə qanunsuz tikilmiş binalarda yaşayan vətəndaşlar köçürülməlidir. Onlara kompensasiya verilir. Kompensasiya onları qane etməlidir. Yəni biz bir çox xərclərlə üzləşirik.
Bizim iqtisadi artımımız demoqrafik artımı üstələməlidir. Buna nail olmaq üçün biz yeni artım mənbələri aşkar etməliyik. Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir. Əfsus ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Kölgədən çıxarılacaq biznes bizim iqtisadi göstəricilərimizi düzəldəcək. Yəni göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Buna nail olsaq, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq.
Hər il on minlərlə yeni iş yeri yaradılır. Məhz buna görə işsizlik Azərbaycanda aşağı səviyyədədir. Ancaq buna baxmayaraq işsizlik arta bilər. Əhali artır və əgər iqtisadi inkişaf artan əhalinin templəri ilə uzlaşmasa, gələcəkdə bizi bir çox problem gözləyə bilər. Biz isə öz siyasətimizi strateji hədəflər əsasında qururuq. Bizim siyasətimiz uzunmüddətlidir və siyasətimizin əsas qayəsi odur ki, dayanıqlı inkişaf təmin edilsin.
Bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Qeyri-neft sektorumuz da artır, 9 ayda 3,5 faiz artıb, kənd təsərrüfatı 7 faizdən çox artıb, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq biz bilirik ki, ehtiyatlar kifayət qədər böyükdür. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, bilirik, bizdə qeyri-neft ixracı hələ çox aşağı səviyyədədir. Mütləq rəqəmlər artır, amma faiz nisbəti artmır. Hələ ki, ixracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir. Hesab edirəm ki, baş nazirin müavini kimi siz bu işlərə ciddi fikir verəcəksiniz, müvafiq qurumlar arasındakı koordinasiyanı təmin edəcəksiniz.
İqtisadiyyat naziri kimi regionların sosial-iqtisadi inkişafı dövlət proqramının hazırlanması və icrası ilə bağlı işlərdə fəal iştirak etmisiniz və bu proqramın tərtibatında önəmli rol oynamısınız. Hesab edirəm ki, bu sahə daim diqqətinizdə olmalıdır.
Eyni zamanda siz bir sıra ikitərəfli hökumətlərarası komissiyaların Azərbaycan tərəfdən həmsədrisiniz. Bu sahədəki fəaliyyətinizi davam etdirməlisiniz.
Mənim göstərişimlə bir çox ölkələrə ezam olunaraq orada Azərbaycanın ixracını təşviq etmək üçün müxtəlif tədbirlər təşkil etmisiniz. Biznes qurumlarına Azərbaycanda istehsal olunan ixrac yönümlü malları xarici bazarlara çıxarmaq və satışını təşkil etmək üçün böyük kömək və səylər göstərilir. Bu sahəyə də daim diqqət olmalıdır.
Dövlət investisiyaları qeyri-neft sektorunun artımına xidmət etməlidir. Məşğulluğu, artan əhalini işlə təmin etmək üçün şərait yaradılmalıdır.
Mən ümid edirəm ki, siz etimadımı doğruldacaqsınız. Yəni sizin iş təcrübəniz bunu deməyə əsas verir. Siz Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini çox yaxşı bilirsiniz. Sizdən fəal iş və ciddi nəticə gözləyirəm”.