Müsavat Partiyası noyabrın 10-u Bakıda mitinq keçirmək niyyətindədir. Aksiyanın əsas tələblərinin siyasi məhbusların azadlığa buraxılması, repressiyalara son qoyulması, seçki qanunvericiliyində islahatlar olacağı bəyan edilib.
Oktyabrın 23-də Novator.az-a danışan Müsavat Məclisinin üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətdə aksiya üçün üç ünvan göstərilir: Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan, metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu: “Bu məkanların hər biri aksiya üçün əlverişlidir. Məsələn, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən İdman-Sağlamlıq Kompleksinin stadionu mitinqlərin ənənəvi ünvanıdır. Oranın təmirə bağlandığını bəyan ediblər, amma elə bir iş aparmırlar. Təmir aparılsa belə, mitinq bu prosesə hər hansı maneçilik törətməz.
Müsavat Partiyası aksiyanı Bakı Şəhər İcra Hakimiyyətinin təklif edəcəyi digər məkanlarda da keçirməyə hazırdır. Təbii ki, paytaxtın mərkəzindən, yaxud mərkəzə yaxın məkanlardan söhbət gedir, Lökbatan qəsəbəsi kimi uzaq nöqtələrlə razılaşmaq fikrində deyilik”.
2013-cü ildən Bakıda mitinqlər Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilib. Demokratik Qüvvələrin Milli Şurasının 19 yanvar 2019-cu il mitinqindən sonra Bakı Şəhər İcra Hakimiyyəti müxtəlif təşkilatlara, o cümlədən Müsavat Partiyasına orada, eləcə də paytaxtın başqa məkanlarında aksiya keçirmək icazəsi verməyib.
Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.
Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Paytaxt rəhbərliyi bu ərazilərin nəqliyyatın sıx hərəkət etdiyi məkanlar olduğunu əsas gətirərək Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təklifdən imtina edən Milli Şura oktyabrın 8-i Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket və yürüş keçirib.
Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində də Milli Şura “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park variantlarında israr edib.
Meriya yenə Lökbatanı ünvan göstərib. Bununla razılaşmayan Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.
Oktyabrın 19-da polis “28 May” stansiyası qarşısında toplaşmağa imkan vermədiyi üçün aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında toplanıb müxtəlif şüarlar səsləndiriblər.
Aksiya günü tutulan 12 nəfərə inzibati həbs cəzaları verilib.