Oktyabrın 22-də rəsmi məlumat yayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar çıxarıldığını bəyan edib.
1997-ci il avqust ayının 2-dək şəhid olmuş şəxslərin vərəsələrinə prezident fərmanları ilə 11 min manat birdəfəlik ödəmə verilir.
Ümumilikdə 12 min 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. İndiyədək 11 min 740 şəhidin 17 min 479 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib.
1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsi həyata keçirilib.
Hərbi qulluqçu 11 min manat məbləğində sığorta edilir. Sığorta olunan şəxs həqiqi hərbi xidmətdə (toplanışda) həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə; həqiqi hərbi xidmət (toplanış) zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxılandan sonra üç il müddətində öldükdə; həqiqi hərbi xidmətdə (toplanışda) xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) onun vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilir.